ABŞ və Çin yenidən sanksiyalara əl atıblar

   ABŞ və Çin yenidən sanksiyalara əl atıblar
  10 Oktyabr 2025    Oxunub:1579
Tramp administrasiyası İran nefti və neft-kimyası ticarəti ilə əlaqəli 100-ə yaxın fiziki şəxs, qurum və gəmiyə qarşı sanksiyalar elan edib.
AzVision.az xəbər verir ki, onların arasında, Vaşinqtonun fikrincə, Tehrana beynəlxalq məhdudiyyətləri aşmağa kömək edən Çin müstəqil neft emalı zavodu və terminalı da var.

“ABŞ-nin Maliyyə nazirliyi 2023-cü ildən milyonlarla barrel İran nefti aldığı iddia olunan Şandun əyalətindəki “Shandong Jincheng Petrochemical Group” müstəqil neft emalı zavodunu sanksiyalar siyahısına salıb. Lanşan limanında terminalı idarə edən “Rizhao Shihua Crude Oil Terminal” şirkəti də sanksiyaya məruz qalıb. Nazirliyin fikrincə, bu terminal İranın sanksiyalardan yayınması üçün istifadə olunan “kölgə donanması” adlandırılan ondan çox tanker qəbul edib ”, - xəbərdə deyilir.

ABŞ Maliyyə nazirliyi “Kongm”, “Big Mag” və “Voy” adlı gəmilərin bir neçə milyon barrel İran neftini “Jiçjao” terminalına çatdırdığını bildirir.

Vaşinqtonun iddiasına görə, İranın neft şəbəkələri Tehranın nüvə və raket proqramlarını maliyyələşdirir, habekə Yaxın Şərqdəki silahlı qruplara dəstək verir. Bununla belə, İran nüvə proqramının sırf dinc məqsəd daşıdığını iddia edir.

ABŞ-nin Maliyyə nazirliyinin məlumatına görə, bu, İran neftini almağa davam edən Çin neftayırma zavodlarını hədəf alan dördüncü sanksiyalar paketidir.

- Maliyyə nazirliyi İranın enerji ixracı infrastrukturunun əsas elementlərini pozaraq, onun pul vəsaitlərinin hərəkətini azaldır”, - qurumun rəhbəri Skott Bessent vurğulayıb.

İsrail HƏMAS-la sazişi təsdiqləyib
Xatırladaq ki, yeni məhdudiyyətlər İsrail və HƏMAS arasında atəşkəs və girov mübadiləsinə dair əldə olunan razılaşmadan sonra tətbiq edilib. Müqavilə tam yerinə yetirilərsə, İran, Yəmən və Livan kimi ölkələri cəlb edərək regional xarakter daşıyan münaqişəyə son qoyulması istiqamətində ən mühüm addım ola bilər.

Sanksiyaların elan olunmasından sonra hökumətin Ağ Evdə keçirilən iclasındakı çıxışında ABŞ prezidenti Donald Tramp İranın İsrail və HƏMAS arasında razılaşmanı dəstəklədiyini, Vaşinqtonun Tehranla əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

“Biz istəyirik ki, onlar öz ölkələrini yenidən qura bilsinlər, lakin nüvə silahına sahib ola bilməzlər”, - Amerika lideri vurğulayıb.

Çinin Ticarət nazirliyi Çin şirkətlərinin yeni sanksiyalar siyahısına salınmasına etiraz edib.

- ABŞ-nin bu hərəkətləri bizneslərin qanuni hüquq və maraqlarına ciddi zərbə vurur, qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyinə və sabitliyinə xələl gətirir. Çin qəti şəkildə buna qarşı çıxır”, - nazirliyin yaydığı bəyanatda deyilir.

Nazirlik bildirib ki, ABŞ ixraca nəzarət mexanizmlərindən sui-istifadəni davam edirir və bir sıra qurumlara, o cümlədən Çin şirkətlərinə qarşı sanksiyalar həyata keçirir. Pekinin milli təşkilatların qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcəyini vurğulayan Çinin Ticarət nazirliyi Vaşinqtonu mümkün qədər tez bu cür hərəkətlərdən əl çəkməyə çağırıb.

Çinin Nəqliyyat nazirliyi isə, öz növbəsində, Pekinin Amerika bayrağı altında üzən gəmilər üçün xüsusi liman rüsumunun tətbiqi barədə qərarını açıqlayıb.


Qurumun bəyanatında diqqətə çatdırılır ki, bu cür tədbirlər ABŞ-nin Çin şirkətlərinə məxsus, onların inşa və idarə etdikləri və ya Çin bayrağı altında qeydiyyatdan keçmiş gəmilərə qarşı analoji addımlarına cavabdır.

“ABŞ tərəfindən bu hərəkətlər beynəlxalq ticarət prinsiplərini və Çin-ABŞ Dəniz Nəqliyyatı haqqında sazişin müddəalarını ciddi şəkildə pozur, iki ölkə arasında dəniz ticarətinə ciddi ziyan vurur”, - Çinin Nəqliyyat nazirliyinin bəyanatında vurğulanır.

Qeyd edək ki, ABŞ-nin yeni sanksiyalarına məruz qalan şirkətlə arasında Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə şirkətləri də var.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Çin   sanksiyalar  



Xəbər lenti