Peru prezidentinə impiçment elan edilib
“Respublika prezidentini vəzifədən kənarlaşdıran qətnamə təsdiqləndi”, - prezidenti əvəz edəcək siyasi varislər sırasında birinci yeri tutan Konqresin sədri Xose Xeri deyib.
Oktyabrın 9-da Peru Konqresi xanım Boluartenin “mənəvi səriştəsizliyə” görə prezident vəzifəsini tutması barədə impiçment elan olunması üçün dörd təklif qəbul edib. Vəsatətlərin müəllifləri dövlət başçısını onun cinayətkarlıqla mübarizəsinin iflasa uğramasında ittiham ediblər. Lakin Boluarte Konqresin iclasına gəlməyib.
Qeyd edək ki, Peruda təhlükəsizlik vəziyyəti son illərdə xeyli pisləşib. Bu ilin mart ayında artan cinayətə görə parlament Daxili İşlər naziri Xuan Xose Santivanensuya etimadsızlıq səsverməsi keçirib. May ayında isə baş nazir Qustavo Adriaensen təhlükəsizlik böhranı səbəbindən istefa verib.
“CPI” şirkətinin sentyabr ayında açıqlanan hesabatına görə, respondentlərin yalnız 2,5%-i 2026-cı ildə səlahiyyət müddəti başa çatan Boluartenin prezident kimi fəaliyyətini bəyənir.
Dina Boluarte son beş ildə impiçment elan edilən üçüncü Peru prezidenti olub. O, 2021-ci il seçkilərində birlikdə iştirak etdiyi Pedro Kastilyo səlahiyyətlərindən məhrum olunduqdan sonra 2022-ci ilin dekabrında prezident vəzifəsini tutub.
Prezident Pedro Kuçinski 2018-ci ilin martında impiçment prosedurları fonunda istefaya gedib.
Ondan sonra prezident vəzifəsini icra edən Martin Viskarra isə 2020-ci ilin noyabrında bu postdan kənarlaşdırılıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Peru prezident impiçment







Vaxtında, Aydın, Lazımlı!


