Tramp Maduro ilə bütün danışıqları dayandırır

Tramp Maduro ilə bütün danışıqları dayandırır
  07 Oktyabr 2025    Oxunub:911
Venesuela ilə razılığa gəlmək cəhdlərindən əl çəkən ABŞ prezidenti Donald Tramp diplomatik münasibətlərin nizamlanması üçün bütün səylərə son qoyulmasını əmr edib.
AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “The New York Times (NYT)” nəşri belə məlumat yayıb.

“Trampın xüsusi nümayəndəsi Riçard Qrenell Venesuela prezidenti Nikolas Maduro və digər yüksək səviyyəli Venesuela rəsmiləri ilə danışıqlar aparıb. Lakin oktyabrın 2-də yüksək rütbəli hərbi liderlərlə görüş zamanı Tramp Qrenellə zəng vuraraq ona Maduro ilə danışıqlar da daxil olmaqla, bütün diplomatik əlaqəni dayandırmağı əmr edib”, - mənbələr qəzetə bildiriblər.

Onların sözlərinə görə, Tramp Maduronun ABŞ-nin hakimiyyətdən könüllü şəkildə getməsi tələbləri ilə razılaşmamasından məyus olub. Ağ Ev rəhbəri həmçinin Venesuela rəsmilərinin narkotik ticarəti ilə məşğul olmadıqlarında israr etmələrindən narazıdır.

- Gərginlik yarana biləcəyi hal üçün Tramp administrasiyası bir neçə hərbi plan hazırlayıb. Bu əməliyyatlara Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması planları da daxil ola bilər”, - ABŞ rəsmiləri vurğulayıblar.

ABŞ Venesuelada hərbi əməliyyatlara başlaya bilər
Ağ Evin təmsilçisi bildirib ki, Amerika lideri ABŞ-yə narkotiklərin idxalını dayandırmaq üçün “Amerika gücünün bütün rıçaqlarından” istifadə etməyə hazırdır və Maduroya Venesuelada narkotik ticarətinə son qoymağın vaxtının çatdığını xatırladıb.

ABŞ-nin Dövlət katibi və Milli Təhlükəsizlik müşaviri Marko Rubio Maduronu “Amerika ədalətindən qaçan” şəxs adlandırıb. Vaşinqton isə Venesuela prezidentinin ələ keçirilməsinə kömək edəcək məlumat üçün mükafatı 50 milyon dollara qədər artırıb.

Trampın xüsusi nümayəndəsi Riçard Qrenell Trampın əmri ilə bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, avqust ayında “NYT” nəşri Trampın gizli şəkildə Pentaqona Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etmək göstərişi imzaladığı barədə məlumat yayıb. Sentyabr ayından etibarən isə, ABŞ Venesuela gəmilərinə raket zərbələri endirməyə başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Maduro   danışıqlar  



Xəbər lenti