Anar Məmmədov konserti ləğv etdi

Anar Məmmədov konserti ləğv etdi
  03 Avqust 2014    Oxunub:3377
Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Elnur Abdullayev cəbhədə baş verən son hadisələr, Azərbaycan ordusunun verdiyi itkilərlə əlaqədar açıqlama verib.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, E.Abdullayevin sözlərinə görə, Azərbaycan xalqının bu ağır günündə Qolf Federasiyası Qubada keçirilən və bu gün başa çatacaq beynəlxalq Challenge Tour-un bağlanış mərasimi ilə əlaqədar planlarına ciddi şəkildə dəyişikliklər edib.

"Bildiyimiz kimi, son günlər cəbhədə gedən gərgin döyüşlər, erməni işğalçılarının Azərbaycan ordusunun mövqelərinə hücumu, cəbhədə törətdiyi təxribatlar nəticəsində Silahlı Qüvvələrimizin hərbçiləri şəhid oldu. Əlbəttə, xalqımız üçün ağır bir gündə hər hansı bir əyləncə tədbirlərinin keçirilməsi şəhidlərimizin ruhuna sayğısızlıq olardı. Bununla əlaqədar, Azərbaycan Qolf Federasiyası Qubadakı Milli Qolf Klubunda keçirilən və bağlanış mərasimi bu gün üçün nəzərdə tutulan beynəlxalq Challenge Tour-un bağlanış mərasimi üzrə planlarına ciddi şəkildə dəyişikliklər edib. Belə ki, yarışın sonunda keçirilməsi nəzərdə tutulan konsert proqramı, digər əyləncəli tədbirlər ləğv olunub.

Azərbaycan Qolf Federasiyasının rəhbərliyi, Federasiyasının bütün sıravi əməkdaşları baş vermiş hadisə ilə əlaqədar şəhidlərimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!".

Qeyd edək ki, Azərbaycan Milli Ordusunun əsgərlərinin şəhid olması ilə əlaqədar, dünən və bu gün Qubada keçirilən qolf üzrə Challenge Tour-un gündəlik mərhələlərinin başlamasından əvvəl həlak olan əsgərlərimizin xatirəsinə bir dəqiqəlik sükut elan olunub, xaricdən Azərbaycan gəlmiş 156 qolfçu, Federasiyanın əməkdaşları, turnirin təşkilində iştirak edən hər bir şəxs şəhidlərimizin əziz ruhunu yad ediblər.


Teqlər:  





Xəbər lenti