Kolleclərdə oxumaq istəyənlərə son şans

Kolleclərdə oxumaq istəyənlərə son şans
  31 İyul 2014    Oxunub:2105
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlanır.
AzVision.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqə elan edir.

Müsabiqə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul və ya 9-cu siniflər üzrə buraxılış imtahanında toplanılan ballar əsasında aparılır.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

İxtisas seçimi 2014-cü il 04 avqust saat 10.00-dan 11 avqust saat 10.00-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib TQDK-nın internet saytında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Boş qalan ixtisasların siyahısı Abituriyent jurnalının xüsusi buraxılışında təqdim olunmuşdur.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar ixtisaslar siyahısında ulduz «*» işarəsi ilə qeyd olunmuşdur. Bu ixtisasları yalnız TQDK tərəfindən yaradılmış müvafiq Qeydiyyat Komissiyasında mayın 19-dan 29-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər.

Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənətləri istiqamətlərinin ixtisaslarını və Musiqi sənəti istiqamətinin “Xanəndəlik” ixtisasını yalnız iyulun 2-dən 5-dək keçirilmiş seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” almış abituriyentlər seçə bilərlər.

Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Müəyyən olunmuş müddətdə elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti