Məşhur “qanuni oğru”nun qardaşı öldürüldü

   Məşhur “qanuni oğru”nun qardaşı öldürüldü
  15 Mart 2025    Oxunub:554
Məşhur “qanuni oğru” Merab Suxumskinin qardaşı Levan Canqveladze Tbilisi şəhərinin mərkəzindəki Çavçavadze küçəsində güllələnib.
“Mtavari” kanalının məlumatına görə, Levan Canqveladze səkidə yeriyərkən ona avtomobildən atəş açılıb. O, Tbilisiyə bir neçə gün əvvəl gəlmişdi və şəhərdə mühafizəçi ilə gəzirdi. Atəş açılarkən mühafizəçisi də yaralanıb və hazırda xəstəxanadadır.

Gürcüstanın Daxili İşlər Nazirliyi qəsdən adamöldürmə və qanunsuz silah saxlama faktları ilə əlaqədar cinayət işləri açıb. Hadisə ilə bağlı hələ ki heç kim saxlanılmayıb.

Gürcü mətbuatı yazır ki, Canqveladzenin güllələnməsi kriminal qruplaşmaların arasındakı çəkişmələrlə bağlı deyil. Səbəb biznes mübahisəsidir.

Rusiya mediası isə iddia edir ki, Levan qardaşının cinayətkar klanında “beyin mərkəzi” funksiyasını yerinə yetirirdi.

Qeyd edək ki, Merab Suxumski abxaz cinayətkar klanının lideri sayılır. Son vaxtlara kimi o, İtaliyada yaşayırdı.

2021-ci ildə Rusiya mətbuatı Levan Canqveladze ilə Rusiya kriminal dünyasının liderlərindən biri, gürcü əsilli Zaxariya Kalaşovun (“Şakro Molodoy”) arasında münaqişə olduğunu yazmışdı. Səbəb kimi Gürcüstanda Merab Suxumskinin yaxın adamlarından birinin öldürülməsi göstərilirdi.

Samir Quliyev
AzVision.az


Teqlər: Kriminal  





Xəbər lenti