Azərbaycanda veloparklar tikiləcək

  26 İyul 2014    Oxunub : 614
Azərbaycanda veloparklar tikiləcək
Azərbaycanda I Avropa Oyunlarına hazırlıqla əlaqədar dağ velosipedi yarışları üçün veloparklar tikiləcək.

AzVision.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, I Avropa Oyunları zamanı çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol, su polosu idman növləri üzrə beynəlxalq yarışların keçiriləcəyi Avropa Oyunları Parkının tikintisi, Su İdmanı Sarayının inşası, Heydər Əliyev adına İdman Konsert Kompleksinin əsaslı təmiri, Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Bakı İdman Sarayının (Əl Oyunları Sarayı) əsaslı təmiri, 65000 tamaşaçı tutumu olan Olimpiya stadionunun tikintisi işləri davam etdirilir.

I Avropa Oyunları ilə əlaqədar kamandan oxatma idman növü üzrə yarışların keçirilməsi üçün T.Bəhramov adına Respublika Stadionunda müvəqqəti qurğuların qurulması, boks, qılıncoynatma, karate, taekvondo, voleybol idman növləri üzrə yarışlar üçün Bakı Kristal Zalında arakəsmələrin qurulması və müvəqqəti qurğularla təchiz edilməsi, kanoe idman yarışlarının təşkili məqsədilə Mingəçevir "Kür" Olimpiya Tədris İdman Mərkəzində əlavə işlərin yerinə yetirilməsi, BMX velosipedi və dağ velosipedi yarışları üçün veloparkların tikintisinə hazırlıq işləri yerinə yetirilir.

A.Rəhimov əlavə edib ki, gələn il Avropa Oyunlarında qitənin 49 ölkəsindən 6000-dən artıq idmançının Azərbaycana gəlməsi gözlənilir. İdmançılar 19 idman növündə öz qüvvələrini sınayacaqlar.

Nazir bildirib ki, I Avropa Oyunlarından əlavə, FİDE-nin konqresində 2015-ci ildə şahmatçıların dünya kuboku, bir il sonra keçiriləcək şahmat olimpiadasının paytaxtımıza həvalə olunması da yarış təşkilatçılığında Azərbaycanın artıq ən nüfuzlu turnirlərə ev sahibliyi etmək iqtidarında olduğunu əyani nümayiş etdirir.

AzVision.az

Teqlər: