“Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb

“Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb
  13 Mart 2025    Oxunub:560
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Narimanfilm” kinostudiyası tərəfindən çəkilən “Doğma torpaq” adlı tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.
Ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat olan filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi işıqlandırılır. Bunlar indiki Ermənistan ərazisində – tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, I Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsidir.

Ekran əsərinin çəkilişləri Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılıb. Filmin bir sıra ölkələrdə nümayişi və beynəlxalq festivallarda iştirakı nəzərdə tutulur. “Doğma torpaq” bədii filminin quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur.

Filmdə əsas obrazları Rüstəm Cəbrayılov və Alina Vorontsova (Rusiya) canlandırırlar. Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, eləcə də aktyorlar Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları da filmdə rol alıblar.

1992-ci il. Müstəqil Azərbaycan Qarabağda erməni separatçılarına qarşı mübarizə aparır. Jurnalist Miranda Qafqaz bəbiri haqqında sənədli film çəkmək üçün Londondan Azərbaycana gəlir. Tale onu kəşfiyyatçı Emillə bir araya gətirir. Onlar birlikdə çətin sınaqlardan keçirlər, bu sınaqlar zamanı Miranda Qafqaz bəbiri və Azərbaycanın müasir tarixinin faciəli səhifələri haqqında çox şey öyrənir. Ekran əsərinin bu ilin aprel ayında ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti