Radara daldan düşənlər - REPORTAJ, FOTOLAR

Radara daldan düşənlər  - REPORTAJ, FOTOLAR
  25 İyul 2014    Oxunub:5617
Bir zamanlar ölkəmizdə avtomobil və motosiklet idman növlərinin xüsusi nüfuzu var idi. Motokrossçularımız, motobolçularımız bir çox yarışlarda iştirak edirdilər. Ancaq müstəqillik dövründə motokross tənəzzül etməyə başladı.

Amma hazırda Motosiklet İdmanı Federasiyasının prezidenti Kür Səfərəliyev bu idman növünü yenidən dirçəltməyə çalışır. Motoidmançılarımızı bir yerə toplayıb, yarışlara hazırlayır. Elə motokrossçularımızla görüşümüz də onların Lökbatanda məşqi zamanı baş tutdu.

Bir ay bundan öncə Rusiyada Avropa çempionatında iştirak edən idmançılarımız hazırda Azərbaycan çempionatının birinci və ikinci mərhələsini keçirir. Federasiyanın prezidenti Kür Səfərəliyev bildirdi ki, ən güclülərdən ibarət yığma komanda təşkil edəcəklər: “Türkiyədə təxminin bir ay bundan sonra baş tutacaq çempionatda iştirak etməyə hazırlaşırıq. 50-dən çox üzvümüz var. Ancaq onların arsında 25 nəfər daha aktivdir”.

Hazırda federasiyanın üzvlərinin yeganə məşq yeri Lökbatanda, trasla kəsişən torpaq yol hissəsidir.

Motokrossçuların ən gənci olan Valerİ Tyurinin 15 yaşı var. Atası Dimitri də bu idman növü ilə məşğuldur. Hazırda isə oğlunun üzərində çalışır.



- Hardasa 12 yaşımdan bu işlə məşğulam, – deyir Valeri - Avropa üzrə çempionata qatılmışdım. Amma bir az çətinliyimiz oldu: yağış yağdı, yer palçıq oldu deyə motosikleti sürmək çətin idi. Yəni biz elə yağışda motosiklet sürməyə hazır deyildik.



Dimitri Boldriv də Valeri kimi 12 yaşından motokrossla məşğuldur: “Motoskilet həvəsdir, hər həftə sonu məşq edirik, yarışlara qatılıram. Bu, qanımda var. Elə bir idman növüdür ki, bunsuz yaşamaq olmur. Hamımız bu federasiyanın üzvləriyik. Azərbaycanda elə bir şərait yoxdur ki, bu idmana görə ayrıca klub olsun. Mən altı il qabaq Rusiyanın Taqanroq şəhərində super kross yarışında iştirak etmişəm. Azərbaycandan elə bir yarışda heç kim iştirak etməyib. Bu il də Valeri ilə birlikdə Avropa çempionatına qatılmışdıq. Ancaq Valerinin dediyi səbəblərə görə yaxşı iştirak edə bilməmişik. Gələcəkdə bu cür yarışlara qatılıb nailiyyət əldə etmək üçün çalışırıq”.



Dimitri deyir ki, Azərbaycanda bu idman növü gənc sayılır. SSRİ dağıldıqdan sonra bu idman növü düz 15 il olmayıb. 10 il bundan qabaq yaradılıb: “Yavaş-yavaş artırmaq istəyirik. Demək olar ki, əksəriyyətimiz köhnə sürənlərik”.

Motosikletlər cürbəcür olur. Azərbaycanda olan motosikletlərdən danışsaq, qiymətlər 1400 manatdan 65 min manat a qədər dəyişir.



- Şəhərdə sürülən motosikletlər üçün mayın ortalarında motosezon açılır, bir də sentyabrın axırında bağlanır. Amma bizim üçün fərqi yoxdur, istənilən havada gəlib motosikletimizi sürə bilərik.- deyən Dimitrinin sözlərinə görə, şəhər insanları motosikletə öyrəşməyiblər: “Şəhərdə gedirsən kimsə maşının qapısını açır, avtobus harada gəldi saxlayır, ya da motosikleti görmür... O cür çətinliklər ilə çox üz-üzə gəlirik.



Federasiyanın tərkibində qadınların olması ilə maraqlanıram.
- Şəhərdə fərdi sürən qızlar var, öz şəxsi motosiklləridir. Amma bizim federasiyanın üzvü olub bu idmanla məşğul olan qız yoxdur. Yəqin ki, nə zamansa həvəsləri olar, bizimlə birlikdə gəlib yarışarlar.

Motokrossçuların texniki çətinlikləri az deyil: “Həm texnika çatışmır, həm sponsor yoxdur. Hər şeyi öz cibimizdən edirik. Fövqəladə Hallar Nazirliyi kömək edir. Amma yenə də motosiklet azdır, sürmək istəyən çox. Buna görə də çox adam gələ bilmir”.



Motosikletlər daha çox Avstriyadan sifariş verilir. Daha sonra Yapon motosikletləri ən dəbdə olanlardır. Ehtiyat hissələri buradakı dükanlardan alınır. Olmayanda isə internet üzərindən Amerikadan sifariş edilir. Ümumiyyətlə, motokross bahalı idman növüdür.

Motosikletlərin də radara düşüb-düşməməsi sualımın cavabı isə maraqlı oldu: “Əgər radar arxadan çəkirsə, düşür. Çünki motosikletdə nömrə ancaq arxadadır”.



Söhbətimizin sonunda AzVision.az kollektivində çalışan xanım jurnalistlərin idmançılarımızdan soruşmağı xahiş etdikləri sualı da verirəm:

- Maşınla `qız tutmaq` asandır, yoxsa motosikletlə?

- Məncə o, oğlanın fərasətindən asılıdır. Motosikletə, maşına heç bir dəxli yoxdur.



- Evlənəndə istərdinizmi gəlini motosikletlə gətirəsiniz?

- Elə bir fikrim var . Qəşəng ağ bir motosiklet ola bilər, maraqlı alınar”.

Şahanə RƏHİMLİ

FOTOLAR Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti