AMB 2025-ci il üçün pul siyasətinin məqsədini açıqlayıb

AMB 2025-ci il üçün pul siyasətinin məqsədini açıqlayıb
  28 Dekabr 2024    Oxunub:370
2025-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti onun başlıca mandatı olan qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın müəyyən edilmiş hədəf daxilində sabitləşməsinə yönəldiləcək.
Bu barədə AMB-nin 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir. Bəyanata əsasən, pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcək.

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq. Əvvəlki illərdə olduğöu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsinin hesabladığı istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.

AMB-nin son (oktyabr 2024-cü il) proqnozlarına görə, 2025-ci ildə illik inflyasiyanın 5,8 % ətrafında olacağı gözlənilir ki, bu da hədəfə uyğundur. AMB 2025-ci ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək. Eyni zamanda inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcək.

Qiymətlərin sabitliyi ilə bağlı bir sıra xarici və daxili risklər aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar - dünya bazarında əmtəə qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesi və iqtisadi aktivlik ölkəıdəki inflyasiya proseslərinə təsir göstərəcək. Geosiyasi gərginliyin davam etməsi şəraitində sözügüdən xarici faktorların dəyişkən olaraq qalacağı gözlənilir. Məcmu tələbin izafi genişlənməsi ehtimalı, qiymfətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmət tariflərinin dəyişimi, habelə inflyasiya gözləntilərinin artması isə qiymət sabitliyi üçün daxili risk mənbələridir.

2025-ci ildə də pul siyasətinin ötürücülüyündə məzənnə kanalınım başlıca rol oynayacağı gözlənilir. Manatın nominal effeltiv məzənnəsi inflyasiya idxalına əhəmiyyətli təsir göstərən amillərdən biri olaraq qalacaq. Beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üçün proqnozları əsasında aparılan son hesablamalara görə, 2025-ci ildə də manatın nominal effeltiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcək.

Növbəti ildə də AMB-nin faiz dəhlizi iqtisadiyyatdan monetar şəraitə təsir göstərən əsas vasitələrdən biri kimi istifadə ediləcək. Faiz dəhlizinə dair qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişməsindən, habelə yenilənmiş makroiqtisadi proqnozlardan asılı olaraq qəbul ediləcək. Əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də faiz dəhlizinin AMB-nin İdarə heyətində əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun müzakirəsi nəzərdə tutulur.

Qurumda təhlil və proqnozlaşdırma potensialının artırılması növbəti ildə də diqqətdə saxlanılacaq. Proqnozlaşdırma və siyasət təhlili sistemi çərçivəsində model aparatı qabaqcıl təcrübələr əsasında mütəmadi təkmilləşdiriləcək, tədqiqatların əhatə dairəsi və dərinliyi artırılacaq. Alternativ statistik məlumat bazalarının əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə dövlət və özəl qurumlarla əməkdaşlıq davam etdiriləcək.

Pul siyasətinin AMB-nin digər fəaliyyət istiqamətləri, o cümlədən maliyyə sabitliyi üzrə siyasətlərlə uzlaşdırılıması növbəti ildə də diqqətdə saxlanılacaq. Ölkədə maliyyə dərinliyin artırılması, maliyyyə sabitliyinn qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə müsbət təsir edən amillər olacaq. Monetar siyasətdə iqlim dəyişikliyindən və eləcə də “yaşıl keçid”dən qaynaqlanan inflyasiyanın təsirləri üzrə təhlillər davam etdiriləcık. COP29 ərəfəsində AMB-nin İdarə Heyətinin təsdiqlədiyi “Yaşıl Taksanomiya” perspektivdə zəruri halda “yaşıl keçid”ə pul siyasəti ilə də dəstək vermək üçün əsas yaradır.

2025-ci ildə də məcmu tələbin ölkənin istehsal potensialına adekvat şəkildə artmasını təmin etmək üçün xüsusilə fiskal və monetar siyasət arasında effektiv koordinasiya mühüm əhəmiyyət kəsb edir. Qeyd edilənləri nəzərə alaraq AMB pul siyasətinin iqtisadi siyasətin müxtəlif istiqamətləri ilə koordinasiyanın gücləndirilməsi istiqamətində təşəbbüsləri davam etdirəcək. Təşkilatlararası makroiqtisadi koordinasiyanın təmin edilməsində İqtisadi Şura mühüm rol oynayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti