"ABŞ müxtəlif ölkələrdəki hərbi bazalarını gücləndirmək qərarını verib" - Politoloq

   "ABŞ müxtəlif ölkələrdəki hərbi bazalarını gücləndirmək qərarını verib" -    Politoloq
  22 Noyabr 2024    Oxunub:308
"ABŞ müxtəlif ölkələrdəki hərbi bazalarını gücləndirmək qərarını verib. Pentaqon ilk olaraq Yaponiya sahillərinə yaxın Marian adalarından başlayıb. Bu bazanın genişləndirilməsinə 800 milyon dollar xərclənəcək. Cəmi 3 mindən bir qədər çox əhalisi olan bu adalar onunla “məşhurdur” ki, ABŞ İkinci Dünya mühüribəsi zamanı 1944-cü ildə adanı yaponlardan təmizlədikdən sonra bir il sonra məhz buradan havaya qalxan təyyarə Yaponiyanın Hirosima cə Naqasaki şəhərlərinə atom bombası atıb. Hərbi bazanın bu dəfəki hədəfi ABŞ-nin strateji müttəfiqi Yaponiya deyil, strateji rəqib Çindir".
AzVision.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib:

"Marian adaları ABŞ-nin Sakit okeanda üçüncü ən böyük hərbi bazasıdır. Digər ikisi Okinava və Quam adalarında yerləşib. ABŞ-nin bölgədə Cənubi Koreya və Sinqapurda da hərbi bazaları mövcuddur. Bölgə ölkələrindən Filippin də ABŞ-lə hərbi müttəfiqliyi gücləndirib. Bu Filippinin Çinlə münasibətlərində gərginlik yaşamasıyla əlaqəlidir. Buna qarşı Çin də hərbi fəallığını artırıb. Çin Kambodjada hərbi-dəniz bazasının tikintisini sürətləndirib.

Marian adasının yerli qubernatoru ABŞ hərbi bazasının genişlənməsinə verdiyi icazəni belə izah edib ki, sülh şəraitində yaşamaq üçün müdafiəni gücləndirmək lazımdır. Çinin Marian adalarına iddiası yoxdur. Buna baxmayaraq, ABŞ adaların imkanlarından istifadə edərək Çinin bölgədəki hərbi gücünü neytrallaşdırmağa çalışır. Vaşinqton hesab edir ki, Çin Tayvan adasını güc yoluyla ələ keçirmək istəyərsə, qarşıdurma ətraf adaları da əhatə edəcək. ABŞnin yeni Prezidenti Donald Trampın Yaponiya sahillərinə yaxın adalarda hərbi bazaların genişləndirilməsinə münasibəti hələ bəlli deyil".

"ABŞ-nin fəaliyyəti nüvə risklərini artırır" - Çin XİN
Politoloq qeyd edib ki, Tramp Amerikanın xaricində pul xərcləməyin əleyhinədir:

"Ancaq Tramp və onun komandası eyni zamanda Pentaqonun planlarını əngəlləməklə Ağ Evlə Müdafiə Nazirliyi arasında gərginliyin formalaşmasını da istəmirlər. Yaponiya və Tayvan ABŞ-nin strateji müttəfiqləridir. Vaşinqton həm Yaponiyanı, həm də Tayvanı qorumaq məcburiyyətindədir. Tramp bu siyasətdən imtina etməsə də, həm Yaponiyanın, həm də Tayvanın müdafiə xərclərini artırmasını tələb edəcək. Əsas məqsəd ABŞ-nin xarici ölkələrdə müdafiə xərcləri yükünü azaltmaq olacaq.

ABŞ, Avstraliya və Yaponiyanın müdafiə nazirləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda Tayvan boğaı ətrafında sülh və sabitliyin qorunmasının vacibliyi vurğulanıb. Tayvan adası ətrafında artan gərginlik fonunda bu bəyanat Pekinə xəbərdarlıq kimi qiymətləndirilib".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ  





Xəbər lenti