Nəyi Dəyişərdin? I “Həyatımda çox səhvlər etmişəm” - Zəlimxan Yaqub

Nəyi Dəyişərdin? I “Həyatımda çox səhvlər etmişəm” - Zəlimxan Yaqub
  18 İyul 2014    Oxunub:20812
İnsan yaşadığı, var olduğu müddətdə daim həyatında nəyisə dəyişir. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək imkanımız olmur.
İllər ötdükcə isə edə bilmədiklərimiz “kaş ki”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur.

AzVision.az-ın “Nəyi dəyişərdin?” rubrikasının budəfəki həmsöhbəti Xalq şairi Zəlimxan Yaqubdur. Yazar keçmişə qayıtmaq şansı olarsa, həyatında nəyi dəyişmək istədiyindən danışıb.

Yalnız uşaqlığımı və gəncliyimi saxlayardım

-İnsan ömrü bir neçə mərhələdən keçir: beşikdən, bələkdən başlayır, uşaqlıq, gənclik, cavanlıq, qocalıq, ahıllıq, mərhələ-mərhələ ölümə doğru gedir. Amma sonu ölümlə bitən ömürdə ölümsüz olanlar, əbədi yaşayanlar da var. Rəhmətlik İsa Muğana demişkən ağ, təmiz, günahsız yaşayan insanlar var ki , onlar mələklər kimidir , göylərdə yaşayacaq.

“Həyatda çoxlu səhvlərim, günahlarım olub”

- Dəyişməyə qalanda çox şeyi dəyişərdim. Ancaq uşaqlığımı saxlayardım. Uşaqlığımın müşahidələrini geri qaytarmaq istəyərdim. Gəncliyim üçün darıxıram. Onun real mənzərələrini gənclik edə-edə , onunla böyüyə-böyüyə, yaşaya-yaşaya səhv etdiyim çox şeyi dəyişərdim. Və indi də allaha şükür deyərdim. Amma təəssüflər olsun ki, insan yaşa dolduqca görür ki, çoxlu səhvlər, günahlar edib. Onları da düzəltmək olmur.

“ O günləri geri qaytarmaq istəyirəm”

- Uşaqlığım demək olar ki, olmayıb. Amma sual edə bilərsiniz ki, bəs nə üçün məhz bu dövr mənim üçün qiymətlidir, saxlamaq istəyirəm . Ona görə ki, dünyada uşaqlıq qədər maraqlı , körpə qığıltısından ədalətli heç nə yoxdur. Bu mənada pis, yaxşı, yaman olmağından asılı olmayaraq geri qaytarmaq istəyərəm.

Və istəmərəm ki, onlar dəyişsin. Şansım olsa idi, elədiyim səhvləri etməzdim. Amma ömür, xəstəlik imkan vermir, ki, sən onları dəyişəsən.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti