Həyəcan siqnalı: “Qlobal dövlət borcları 100 trilyon dollara çatıb”

      Həyəcan siqnalı:    “Qlobal dövlət borcları 100 trilyon dollara çatıb”
  17 Oktyabr 2024    Oxunub:1240
Qlobal dövlət borclarının həcmi bu il 100 trilyon dolları keçəcək, 2030-cu ilə qədər qlobal ÜDM-in 100%-nə yaxınlaşacaq və əlverişsiz ssenari olacağı tərzdə 2026-cı ilə qədər qlobal iqtisadiyyatın həcmini əhəmiyyətli dərəcədə üstələyəcək.
AzVision.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) belə proqnoz açıqlayıb. Qurumun təqdim etdiyi “Fiscal Monitor” hesabatına əsasən, borc artımı Braziliya, Fransa, İtaliya, Cənubi Afrika, Böyük Britaniya və ABŞ-da proqnozlaşdırılır.

“Borcun sabitləşdirilməsi və ya azaldılması, çox güman ki, hazırda planlaşdırılandan daha böyük fiskal düzəlişlər tələb edir. İndi fiskal buferləri yenidən qurmaq üçün münasib vaxtdır və gecikmə baha başa gəlir”, - hesabatda deyilir.

Pis nümunə göstərənlər və bunun səbəbləri
Nə qədər qəribə səsllənsə də, borc yükü, ənənəvi olaraq, inkişaf etmiş ölkələrdə xüsusilə yüksəkdir. Bunu Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatları da təsdiqləyir. Onların məlumatlarına görə, inkişaf etmiş bazarlarda borcun ÜDM-ə nisbəti 376,8%-ə (ötən il 308,7%) çatıb. Eyni zamanda, qlobal borcun artmasına ən böyük “töhfə”ni Çin, Hindistan və Meksika kimi inkişaf etməkdə olan ölkələr verir.

Borclanmanın əsas səbəbi kimi dövlət xərclərinin yüksək olması göstərilir. Bir çox ölkələrin ev təsərrüfatlarını və biznesləri dəstəkləmək üçün xərcləri kəskin şəkildə artırmalı olduğu pandemiya zamanı borc yüklənməsi nəzərəçarpacaq dərəcədə sürətləndi.
Qlobal dövlət borcu başqa səbəblərdən də sürətlə artır. Xüsusilə, bir çox ölkələr müxtəlif proqramların və layihələrin, xüsusən də iqlim dəyişikliyi və enerji keçidi sahələrində maliyyələşməni artırmaq üçün borclanmaları artırmaqda davam edir.

Borclar üzrə “xidmət” baha başa gəlir
Ekspertlərin fikrincə, əsas problem borcun özü yox, borclar üzrə faizlərin ödənilməsinin getdikcə daha çox ağırlaşmasadır.

- Bir sıra ölkələrdə borc yükünün bu cür çoxalması inflyasiyanın və fond bazarlarında qeyri-sabitliklə bağlı maliyyə risklərinin artmasına səbəb olur. Böyük borc ödənişləri ölkələrin infrastruktura və sosial proqramlara pul yatırmaq imkanlarını məhdudlaşdırır ki, bu da böyük borc yükləri olan ölkələrdə iqtisadi artımı ləngidir”, - “CM Service” şirkətinin İqtisadsi Tədqiqatlar şöbəsinin rəhbəri Nikolay Pereslavski vurğulayır.

Bir tərəfdən, iqtisadiyyatlarının böyüklüyünə və büdcə imkanlarına görə inkişaf etmiş ölkələr üçün borcları üzrə “xidmət” göstərmək yoxsul ölkələrə nisbətən daha asandır. Məsələn, ABŞ-nin dövlət borcu ÜDM-in 123%-nə, Şri-Lankanın borcu isə 114%-nə bərabərdir. Eyni zamanda, ABŞ hələ də borc yükünün öhdəsindən yaxşı gəlir, Şri-Lanka isə artıq öz suveren istiqrazları üzrə defolt elan edib. Nəticə etibarı ilə ÜDM-i kiçik (1 trilyon dollara qədər) və borc yükü 100%-dən yuxarı olan ölkələr risk altına düşürlər.

“Nə qədər ki, dövlət borcu qaytarmaq gücündədir, borcun özünün həcmi kritik deyil. Bu, ABŞ-yə iqtisadiyyata inamın və dolların qlobal səviyyədə sabit qaldığı üçün son dərəcə yüksək dövlət borcunu saxlamağa imkan verir. Lakin Venesueladakı vəziyyət göstərir ki, borcun həcmi ÜDM-ə münasibətdə nisbətən aşağı səviyyədə olsa belə, ölkə öhdəliklərini ödəyə bilməməsi səbəbindən müntəzəm şəkildə defoltla üzləşə bilər”, - Rusiyanın “Alfa-Forex” şirkətinin analitiki Aleksandr Şneyderman bildirir.

Bununla belə, ABŞ-nin 35 trilyon dolları keçən nəhəng maliyyə öhdəlikləri də getdikcə daha çox suallar doğurur. Ölkənin Federal Ehtiyat Sistemi (FES) borclanmanı artırmaq üçün borc səviyyəsinin yüksəldilməsinin mümkün olmadığını bildirib. Təsadüfi deyil ki, ABŞ kreditorları gələcəkdə Amerikanın öz nəhəng həcmli borcu üzrə faizləri ödəyə biləcəyinə şübhə ilə yanaşırlar.


Dünyanın ən böyük iqtisadiyyatı kimi ABŞ iqtisadiyyatının və əsas ehtiyat valyutası kimi Amerika dollarının bu gün üzləşdiyi çətinliklər isə belə şübhələri daha da gücləndirir.

Təhlükəli gözləntilər
Analitiklər əmindirlər ki, borc yükünün artması bütövlükdə qlobal iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir. Bu, gələcəkdə məhsuldarlığın azalmasına və iqtisadi artımın yavaşlamasına səbəb ola bilər. Son iki onillikdə dövlət borcunun artması əsas iqtisadiyyatlarda məhsuldarlığın artımı və potensial ÜDM-in azalması ilə üst-üstə düşür. Bu isə dövlət xərclərinin həddən artıq asılılığının resursların səmərəsiz bölüşdürülməsinə və iqtisadiyyatın ümumi səmərəliliyinin azalmasına səbəb ola biləcəyini söyləməyə əsas verir.


Üstəlik, borclara “xidmət” xərclərinin artması nəzərə alınmaqla, büdcə xərclərinin artan payı təhsil və ya sosial müdafiə kimi daha məhsuldar məqsədlərə deyil, borc üzrə faizlərin ödənilməsinə sərf olunacaq. Belə vəziyyət insan kapitalına və infrastruktura investisiyaların azalmasına gətirib çıxara bilər ki, bu da uzunmüddətli perspektivdə iqtisadi artıma və əhalinin rifahına mənfi təsir göstərəcək.

Nəhayət, borclar üzrə yüksək texniki xidmət xərcləri hökumətlərin gələcək təlatümlərə və ya böhranlara cavab vermək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Dünya   borclar   təhdidlər  





Xəbər lenti