Rektor: Dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalıdır

  Rektor:  Dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalıdır
  16 Oktyabr 2024    Oxunub:402
“Dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması üçün din təhsili olduqca vacib məqamdır”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında deyib. Onun sözlərinə görə, bu, həm də cəmiyyətin təhlükəsizliyi baxımından da böyük əhəmiyyət kəsb edir:

“Belə ki, din dəyərlər sistemi olaraq, cəmiyyətin mənəvi inkişafında və ictimai vəhdətin təminində mühüm rol oynayır. Bununla yanaşı, dinin səhv interpretasiyası milli-mənəvi birliyə aparmır, əksinə, ictimai bölünməyə gətirib çıxarır. Dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasir dövrün reallıqları da nəzərə alınıb cəmiyyətə çatdırılmalıdır.

Dini təhsilin düzgün aşılanması dinin özünü təhriflərdən qoruyur, milli-mənəvi vəhdətin təmin edilməsinə töhfə verib, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır”.

Rektor öz çıxışında daha sonra vurğulayıb ki, dünyada dini təhsilin müxtəlif modelləri mövcuddur ki, bunlardan biri də tədrisdə bir dini və ya məzhəbi əsas götürən konfessional tədrisdir. “Bu tədris üsulu müəyyən bir dini və ya məzhəbi öz rəsmi ideologiyasında daha çox mənimsəyən dövlətlərdə tətbiq olunur. Digər modellər – din haqqında və dindən öyrənmədir ki, bu da dünyəvi dövlətlərin din tədrisində özünü daha çox büruzə verir; yəni dünyəvi dövlətlər daha çox bu son iki metoda əsaslanır.

Din haqqında öyrənmə modeli nədir? Bu, müəyyən bir dini dünyagörüşün digərlərindən üstünlüyünü ehtiva etmir, cəmiyyətdə mövcud olan bütün dinlərin əsas mahiyyəti və tarixi haqqında deskriptiv bilikləri aşılayır. Dindən öyrənmə modeli isə tədris prosesində dinlərin bəşəriyyətə təlqin etdiyi universal mənəvi dəyərlərin mənimsənilməsinə xidmət edir. Bu iki model dünyəvilik prinsipinə xələl gətirmir, cəmiyyətin köklü institutlarından biri olan din haqqında biliyin çatdırılmasına köməklik göstərir”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti