Praqa yenidən Rusiyaya səfir göndərir

   Praqa yenidən Rusiyaya səfir göndərir
  16 Oktyabr 2024    Oxunub:814
Çexiya 2022-ci ildə geri çağırılan səfirini Moskvaya qaytarmaq qərarına gəlib. Çexiya diplomatiyasını indən sonra Rusiyada keçmiş müdafiə nazirinin müavini Daniel Koştoval təmsil edəcək.
AzVision.az Çexiyanın Xarici İşlər nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Daniel Koştoval gələn ilin ilk aylarında vəzifəsinin icrasına başlayacaq.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Çexiya öz səfirini məsləhətləşmələr üçün geri çağırıb. Həmin andan etibarən Moskvadakı diplomatik missiyaya daha aşağı səviyyəli diplomat olan müvəqqəti işlər vəkili Yan Ondrjeyka rəhbərlik edir.

“Çexiyanın strateji müttəfiqi olan əsas ölkələrin - Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-nin Rusiyada səfirləri var. Bu çətin missiyada səfirə böyük güc arzulayıram”, - Praqanın yenidən Rusiyaya səfir göndərmək barədə qərarını Çexiyanın Xarici İşlər naziri Yan Lipavski belə əsaslandırmağa çalışıb.

2022-ci ilin sonunda rəsmi Praqa Çexiyanın Moskvadakı diplomatik korpusuna 2018-ci ildən rəhbərlik edən Vitezslav Pivonkanı məsləhətləşmələr üçün geri çağırdı. Bu ilin mayında isə Çexiya hökuməti səfiri rəsmən geri çağırıb. Çexiya mediasının iddiasına görə, ölkə rəsmiləri Ukraynada gedən döyüşlər müddətində Moskvada səfirin olub-olmamasının əhəmiyyəti barədə “uzun müddət müzakirə aparıblar”. İyun ayında isə Çexiya prezidenti Peter Pavel diplomatik missiyanın yeni rəhbərinin işə başlaması haqqında sənəd imzalayıb.

Çexiya prezidenti Kiyevi öz taleyi ilə barışmağa çağırıb
Qeyd edək ki, Ukraynaya hərtərəfli dəstəyin ən fəal adeptlərindən biri olan və güclü anti-Rusiya əhval-ruhiyyəsi ilə seçilən Çexiya prezidenti Petr Pavel bir müddət əvvəl “The New York Times (NYT)” nəşrinə müsahibəsində Kiyevin və Ukraynanın ən azı bir müddət ərazi itkiləri ilə barışmaq məcburiyyətində qalmalı olacaqlarını bildirib. Halbuki, bu ilin martında Çexiya prezidenti “NATO qoşunlarının Kiyevə yardımına heç nə mane ola bilməz” bəyanatını vermişdi.

Bu baxımdan, Praqanın yenidən Rusiyaya səfir göndərməsi barədə Çexiya XİN-in rəhbərinin öz müttəfiqlərini nümunə kimi göstərməsi çox zəif arqumentdir. Çünki Moskvaya qarşı Praqadan daha çox antaqonist mövqe tutan ABŞ, Böyük Britaniya, Almaniya və Fransa öz səfirlərini Rusiyadan geri çağırmaq kimi sadəlöhv qərarlar verməyiblər. Praqanın qərarı isə kollektiv Qərbin Ukraynanın maraqlarını tədicən qurban verməyə hazırlaşdığının göstəricisidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çexiya   Rusiya   səfir  





Xəbər lenti