General Qaani İsrailə casusluqda şübhəli bilinir?
Ərəb mediası daha əvvəl “Hizbullah”ın baş katibi Nəsrullahın öldürülməsindən sonra Qaaninin müəmmalı şəkildə yoxa çıxmasını müzakirə etmişdi. Məlumata görə, generalın özü bunkerdəki həmin görüşdə iştirak etməli idi, lakin son anda ora getməkdən çəkinib. İsmayıl Qaani sonuncu dəfə Həsən Nəsrullahın İsrailin hücumu nəticəsində öldürülməsindən iki gün sonra ictimaiyyət qarşısına çıxıb. Onun “Hizbullah”ın Tehrandakı nümayəndəsi Abdulla Səfi əd-Dinin ofisində göründüyü və bundan sonra müəmmalı şəkildə yoxa çıxdığı bildirilir.
Nəsrullahın bunkerinə hücumdan əvvəl Qaani İraq, Suriya və Livana çoxsaylı səfərlər edib. Bütün səfərləri zamanı Nəsrullahla və iyulun sonunda İsrail tərəfindən öldürülən “Hizbullah”ın hərbi qanadının rəhbəri Fuad Şükrlə görüşüb.
Beyrutun cənub həndəvərində “Hizbullah”ın rəhbərlik qərargahında keçirilən son görüşdə Qaani iştirakçılara ofisinin rəhbəri ilə birlikdə yeraltı bunkerdə görüş üçün onlara qoşulacağını desə də, daha sonra görüşdən bir müddət əvvəl yığıncaqda iştirak edə bilməyəcəyinə görə üzr istəyib.
Sahil İsgəndərov
AzVision.az