“Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda forum keçirilib

“Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda forum keçirilib
  05 Oktyabr 2024    Oxunub:1185
Bakıda təşkil edilən “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda 3-cü İƏT Beyin Mərkəzləri Forumunda yeni nəsil iqtisadiyyat, yaşıl inkişaf və digər məsələlərə dair müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyinin Elmi Tədqiqat İnstitutu (ESRI), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Türkiyənin “İKSAD” İnstitutunun təşkilatçılığı ilə “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda 3-cü İƏT Beyin Mərkəzləri Forumu keçirilib. Tədbirdə müvafiq qurumların və ali məktəblərin nümayəndələri, İƏT ölkələrinin təmsilçiləri və Foruma məqalə və tezisləri ilə töhfə verən şəxslər iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli yeni dövrün qlobal çağırışları fonunda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin beynəlxlaq təşkilatlarla səmərəli iqtisadi əməkdaşlığı, eləcə də yeni nəsil iqtisadiyyatın tələblərinə uyğun tərəfdaşlığın mümkün istiqamətləri haqqında məlumat verib. Regionda iqtisadi problemlərin həlli yolları və imkanların araşdırılması baxımından beyin mərkəzlərinin əhəmiyyəti vurğulanıb. Beyin Mərkəzləri Forumu region ölkələri arasında elmi-tədqiqat əlaqələrinin inkişafı üçün mühüm platforma kimi qiymətləndirilib. Həmçinin, tədbir iştirakçıları Azərbaycanın tranzit ölkə kimi potensialı haqqında məlumatlandırılıb.

ESRI-nin İdarə Heyətinin sədri Şahin Sadıqov tədqiqat mərkəzləri və institutlarının dövlət siyasətinin formalaşmasına töhfələri haqqında fikirlərini bölüşüb, Bakıda yaradılacaq İƏT-in Tədqiqat Mərkəzi ilə bağlı məlumat verib.

Tədbirdə İƏT-in Baş katibinin müavini Jandos Asanovun forum üçün çıxışının mətni oxunub. Çıxışda beyin mərkəzləri sahəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsindən bəhs olunub, Beyin Mərkəzləri Forumunun təşkilinə görə təşəkkür ifadə edilib.

“İKSAD” İnstitutunun direktoru Mustafa Latif Emek regionun beyin mərkəzləri və institutları arasındakı tərəfdaşlıqlar çərçivəsində reallaşdırılacaq birgə tədqiqatların iqtisadi faydaları barəsində fikirlərini bölüşüb.

Tədbirdə İƏT ölkələrindən olan və yerli nümayəndələrin “Yaşıl inkişaf: enerji, infrastruktur və milli strategiyalar”, “Yeni iqtisadi düşüncə və rəqəmsallaşma” və “Yeni nəsil iqtisadiyyatın təsir dairəsində” sessiyaları üzrə panel müzakirələri olub.

Forumda Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə İqtisadi Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Tədbir çərçivəsində iştirakçılara ESRI-nin nəşrləri təqdim edilib. Həmçinin, ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini i.e.d., prof. Arzu Hüseynovanın “Yeni nəsil iqtisadiyyat: rəqəmsallaşma və inkişaf” kitabının təqdimatı olub.






AzVision.az




Teqlər:





Xəbər lenti