QMİ sədri dini liderlərə çağırış etdi

   QMİ sədri dini liderlərə çağırış etdi
  05 Oktyabr 2024    Oxunub:1029
Astanada keçirilən Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşündə "İslam cəmiyyətin ənənələrini dəstəkləyir" və "Fətvaların verilməsi üzrə Fiqh məktəbi" adlı sənədlər qəbul olunub.
Astana görüşündə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib. Qazaxıstanda baş tutan Şuranın beşinci iclasında çıxış edən Şeyxülislam A.Paşazadə TDT ölkələrinin liderlərinin Zirvə görüşlərinin ardınca baş tutan TDT dövlətlərinin dini liderlərinin Astana görüşlərinin əhəmiyyətinə toxunub, görülən işlər barədə danışıb.

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı, Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri Baş Müfti Nuriddin Xoliknazarov, Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Əbdüləziz Zakirov və Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Mirvohid Əzimov iştirak ediblər.

Şeyxülislam A.Paşazadə “Xoca Əhməd Yəsəvi irsi və təsəvvüf elmi” mövzusunda konfransda iştirak və çıxış edib.

"Türk-İslam birliyinin özəl gücü bizlərin ümumi mənəvi dəyərlər xəzinəsi olan müqəddəs dinimiz İslam, onun buyurduqlarıdır. TDT Müsəlman dini liderlərinin vəzifəsi mənəvi birliyimizin qorunması və inkişaf etdirilməsindən ibarətdir. Bu müstəvidə türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına verdiyi töhfələrin təbliği böyük önəm kəsb edir. Ölkələrimiz və xalqlarımızın birliyinin təməlində duran müqəddəs dəyərlər var olduqca qardaşlığımız daima davam və inkişaf edəcəkdir", - A.Paşazadə çıxışında bildirib.

Həmçinin, qeyd edib ki, dinimizdən, adət-ənənələrimizdən qidalanan milli kimliyimizi qorumaq mənəvi vəzifəmizdir və xalqlarımızın, dövlətlərimizin tərəqqi və rifahına xidmət edir.

AzVision.az



Teqlər:





Xəbər lenti