Azərbaycan Avropaya qaz ixracını 10 %-dən çox artırıb

   Azərbaycan Avropaya qaz ixracını 10 %-dən çox artırıb
  10 Sentyabr 2024    Oxunub:933
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Avropaya 8,4 milyard kubmetr təbii qaz ixrac edib.
Bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir. 2023-cü ilin 8 ayı ilə müqayisədə Avropaya qaz satışı 0,8 milyard kubmetr və ya 10,5 % çoxdur. Ümumilikdə isə bu il Azərbaycandan xaricə qaz satışı 16,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 0,2 milyard kubmetr və ya 3 % azalıb, Gürcüstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə eyni qalıb. Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 3,7 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 2,6 % azdır.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti