Cəbrayıl şəhəri və Soltanlı kəndində seçicilərin aktivliyi müşahidə edilir

   Cəbrayıl şəhəri və Soltanlı kəndində seçicilərin aktivliyi müşahidə edilir
  01 Sentyabr 2024    Oxunub:1139
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Cəbrayıl şəhərində və Soltanlı kəndində seçicilərin səs verməsi üçün məntəqələr fəaliyyət göstərir. Səhər saatlarından başlayaraq seçicilərin yüksək əhvali-ruhiyyə ilə aktivliyi müşahidə edilir.
İşğaldan azad olunan Cəbrayılda çalışan işçilərin səsvermədə iştirakı üçün iki seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan biri - 80 saylı seçki məntəqəsi Cəbrayıl şəhəri ərazisində, 81 saylı məntəqə isə rayonun Soltanlı kəndi ərazisindədir.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin əhatə etdiyi 82 seçki məntəqəsi üzrə 54486 seçici qeydə alınıb ki, onlardan da səsvermədə ilk dəfə iştirak etmək hüququ olanların sayı 570 nəfərdir. İşğaldan azad olunan ərazilərdəki seçki məntəqələri də daxil olmaqla dairə üzrə bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb.

Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi avadanlıqları ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst ifadə etmələri üçün kabinələr quraşdırılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti