Seçkiləri rekord sayda QHT təmsilçisi müşahidə edir

   Seçkiləri rekord sayda QHT təmsilçisi müşahidə edir
  01 Sentyabr 2024    Oxunub:1080
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası işğaldan azad edilmiş ərazilər - Zəngilan, Füzuli, Laçın, Xankəndi, Xocalı və Şuşa da daxil olmaqla, ölkə üzrə 75 seçki dairəsində 500-dən çox müşahidəçi ilə səsvermə prosesini izləyir.
Bu barədə “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasından məlumat verilib. Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Nadir İsmayılov bildirib ki, seçki məntəqəsi açılmazdan əvvəl boş seçki qutularının qoyulması və möhürlənməsi prosesi qanunun tələblərinə uyğun həyata keçirilib: “Səsvermə üçün nəzərdə tutulmuş səsvermə kabinələri beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulmuş standartlara cavab verir, seçki məntəqəsində gizli səsvermənin təmin edilməsi üçün tam şərait yaradılıb, texniki təchizat seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil edilib”.

Laçında 121 saylı Laçın seçki dairəsinin 105 saylı məntəqəsində prosesi izləyən "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Fariz Əkbərov bildirib ki, seçki məntəqəsində səsvermə prosesi ümumilikdə normal gedir: “Xəstə və ahıl vətəndaşların seçkilərdə iştirakını təmin etmək məqsədilə daşınan seçki qutuları hazırlanıb. Proses Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır. Səsvermə prosesinə kənar müdaxilə halları baş verməyib, seçici fəallığı yüksəkdir”.

Qeyd edək ki, bu il parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib ki, bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edirlər. Bu rəqəm qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.

Bu il QHT-lər Milli Məclisə seçkiləri monitorinq etmək üçün 2 seçki koalisiyası təsis edib. Onlardan biri “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasıdır. Bu Koalisiyanı “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli təsis ediblər.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçiləri isə tanınmış hüquq müdafiəçiləri - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlıdır.

Seçki günü məntəqələrdə müşahidə aparacaq QHT təmsilçilərindən 20 faizi bu 2 seçki koalisiyasının nümayəndələridir.

AzVision.az



Teqlər:





Xəbər lenti