Ballıqaya qətliamı ilə bağlı zərərçəkmişlərin hüquqi varisləri dindirilib

  Ballıqaya qətliamı ilə bağlı zərərçəkmişlərin hüquqi varisləri dindirilib
  28 Avqust 2024    Oxunub:879
Ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi, o cümlədən silahlı qüvvələri və digər silahlı birləşmələri beynəlxalq hüquq normalarını pozmaqla Azərbaycanın Qarabağ bölgəsini, ətraf ərazilərini, habelə Ermənistanla sərhəddə yerləşən ərazilərini işğal etmək məqdəsilə hərbi təcavüzə başlayıb.
Bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Tural Məhərrəmov bildirib. O qeyd edib ki, erməni silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı təcavüzkar müharibə nəticəsində işğal edilərək əhalisini qanuni yerləşdirildiyi yerdən məcburən deportasiyaya məruz qoyduqları Laçın rayonunun sakinləri Goranboy rayonunun Ballıqaya kəndində, Gülüstan meşəliyinin kənarında 1 ədəd taxta konstruksiyalı tikili və qurduqları alaçıqlarda müvəqqəti məskunlaşdıqdan sonra, erməni silahlı birləşmələri Murovdağ silsiləsinin yamacında, dağ relyefində yerləşən sıx meşəlik ərazidən xəlvətcə piyada gəlib xüsusilə gecə saatlarında əhalinin yatmış, yəni özünümüdafiə etmək imkanında olmamasından istifadə etməklə 28 avqust 1992-ci il tarixdə gecə saat təxminən 05 radələrində modeli və markası istintaqa dəqiq məlum olmayan avtomat konstruksiyalı odlu silahlarla məhz azərbaycanlı olduğuna görə, Ballıqaya kəndində məskunlaşmış 5 ailədən ibarət əhalini məhv etmək üçün rəhmsizlik nümayiş etdiriblər:

“Onlar çoxsaylı atəşlər açmaqla xüsusi amansızlıqla hücum edib alaçıqları güllələməklə, zərərçəkmiş şəxslərə məxsus əmlakı od vurub yandırmaqla hər kəsi öldürdüklərini güman edib hadisə yerindən gəldikləri istiqamətdə uzaqlaşıb, nəticədə 5 ailənin üzvləri olan 24 nəfəri (o cümlədən yetkinlik yaşına çatmayan 7 nəfər və 70 yaşdan yuxarı ahıl yaşlı 1 nəfər) kəskin qanitirmə ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ümumilikdə ağır zərər vurmaya aid müxtəlif bədən xəsarətləri (güllə yaraları) yetirərək hadisə yerində qəsdən öldürüb, 9 nəfəri bədənlərinin müxtəlif nahiyələrindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb, alaçıqlarda gizləndikləri üçün həyatda qalmaqla onları öldürə bilməyiblər”.

Tural Məhərrəmovun sözlərinə görə, cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi ilə müəyyən edilib ki, Laçın rayonundan o vaxtı məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində “fin evi” adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar:

“Onlar həmin gecə təxminən 9 nəfər silahlı erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində qəsdən öldürülmüş və daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıblar. “Fin evi” adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq və 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, “Belarus” markalı traktorun yaxınlığından isə 3 meyit aşkar edilib. İş üzrə zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxslərin hüquqi varisləri, şahidlər müəyyən edilməklə dindirilib, müvafiq zəruri sənədlər iş materiallarına əlavə edilib. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir”.

AzVision.az



Teqlər:





Xəbər lenti