ABŞ dolların verdiyi hədsiz imtiyazları itirə bilər

   ABŞ dolların verdiyi    hədsiz imtiyazları    itirə bilər
  27 Avqust 2024    Oxunub:1191
Son zamanlar Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ iqtisadiyyatını sabitləşdirmək üçün dolların devalvasiyası və ya ucuzlaşdırılması üçün addımlar ata biləcəyi ilə bağlı şayiələr yayılmağa başlayıb.
Hon-Konqun South China Morning Post (SCMP) nəşrində dərc olunan materialda isə bildirilir ki, mövcud vəziyyətdə dolların məzənnədən düşməsi hətta Vaşinqtonun müdaxiləsi olmadan da qaçılmazdır.

“Geosiyasi gərginlik artdıqca dollar kəskin şəkildə ucuzlaşa bilər. Hazırda Amerika dollarının dəyəri əhəmiyyətli dərəcədə şişirdilib, onun real dəyəri cari bazar kotirovkalarından xeyli aşağıdır. Bundan əlavə, ABŞ valyutası xarici təzyiq altındadır. Bayden administrasiyası dollardan iqtisadi sanksiyalar vasitəsi kimi istifadə etdikdən sonra bir çox ölkələr beynəlxalq əməliyyatlarda alternativ valyutalara keçməyə başlayıblar”, - materialda bildirilir.

Nəticədə bütün dünyada qızıla maraq xeyli artıb. Onun qiyməti bu yaxınlarda bütün zamanların ən yüksək həddinə çataraq bir Troya unsiyası üçün 2500 ABŞ dollarını keçib. Bunu şərtləndirən əsas amil Rusiya və bir sıra Asiya ölkələri tərəfindən qiymətli metalın aktiv şəkildə alışı olub. Ekspertlərin fikrincə, bu cür aktivlərə maraq nə qədər yüksək olsa, ABŞ dolların verdiyi hədsiz imtiyazları bir o qədər tez itirə bilər.

- “Həddindən artıq imtiyaz” termini dolların dünyanın ehtiyat valyutası statusu ilə bağlı ABŞ-nin götürdüyü faydaları təsvir edir. Bu o deməkdir ki, ABŞ-nin idxalı öz valyutası ilə ödənildiyi üçün o, tədiyyə balansı böhranından qaça bilir”, - məqalənin müəllifi vurğulayır.

Vaşinqton Rusiyanın Qərbdəki valyuta ehtiyatlarını dondurduqdan sonra dünyada dollardan asılılığın azaldılması zərurətinə inam artır. Bu amil Amerika valyutası üçün mənfi rol oynaya bilər. Qərb analitikləri getdikcə dolların ucuzlaşmasını sürətləndirə biləcək iqtisadi amillərin yox, məhz geosiyasi faktorların olduğuna inanmağa meyllidirlər.

2022-2023-cü illərdə müxtəlif ölkələrin mərkəzi bankları 1000 tondan çox qızıl alıb ki, bu bazarda da əsas alıcılar Rusiya və Çin olub. Eyni zamanda, bu ölkələr ABŞ Xəzinədarlığının qiymətli kağızlarıan yatırımlarını əhəmiyyətli dərəcədə azaldıblar.

Bu reallıqlar fonunda SCMP-nin icmalçısı dünya ehtiyatlarında dolların payının azalması prosesinin davam edəcəyini, qızılın payının və onun qiymətinin isə artacağını proqnozlaşdırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   dollar   imtiyazlar  





Xəbər lenti