Azərbaycanda dollar ajiotajı - devalvasiya gözlənilirmi?

 Azərbaycanda dollar ajiotajı -  devalvasiya gözlənilirmi?
  26 Avqust 2024    Oxunub:1531
Son vaxtlar sosial şəbəkələrdə bir sıra bankların vətəndaşlara təzə dollar satmaqdan boyun qaçırması ilə bağlı xəbərlər dolaşır. Bir çox vətəndaş banka müraciət etdikləri zaman, onlarla bilərəkdən və məcburi formada tədavül tarixi köhnə olan ABŞ dollarları verildiyini iddia edir.
Mövzu ilə bağlı AzVision.az -a danışan VI çağırış parlamentinin deputatı Azər Badamov bildirib ki, bankların dollar satmaqdan yayınmaq istədikləri və manatın devalvasiyaya uğrayacağı ilə bağlı yayılan xəbərlər əsassızdır:

"Dolların satışı ilə bağlı müəyyən olunmuş qaydalar var. Bu qaydalarda hər bir şəxsə nə qədər dollar satmaq həddi müəyyən olunub. Banklar da həmin qaydalara uyğun satış həyata keçirirlər. Ola bilsin ki, son vaxtlar dollara tələbat həmişəkindən daha çox olsun. Bunun da yay mövsümü ilə əlaqədar olduğunu hesab edirəm. Çünki bu aylarda hamı məzuniyyətə çıxmağa və xaricdə istirahət etməyə çalışır. Bu baxımdan dollara olan tələbatının müvəqqəti artması gözləniləndir.

Biz enerji resurslarımızı əsasən dollarla satırıq. Enerji resursların beynəlxalq bazarlarda qiymətləri yuxarı həddə qalmaqdadır. Həm də manatın arxasında müəyyən qədər istehsal da dayanır".

İqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, tədavül tarixi köhnə olan ABŞ dollarları anlayışı yoxdur:

"Amerikada 1800-cü illərdə buraxılmış dollar kiminsə evindən təsadüfən tapılıbsa, banklar və mağazalar onu götürür. Hətta onu antika adlandırırlar. Azərbaycanda bu tamamilə süni yaradılmış bir ajiotajdır. Köhnə dollar, yeni dollar ajiotajının yaradılmasında bəzi bankların marağı var. Onlar "təzə dolları" daha baha satmağa cəhd edəcəklər. 200 ildən çoxdur ki, dollar dövriyyədədir. Həmin illər ərzində buraxılan bütün dollarlar Amerika Birləşmiş Ştatlarının qiymətli kağızıdır və onun alıcılıq qabiliyyəti mövcuddur. Dollara banklar tərəfindən məhdudiyyətin qoyulması doğru deyil".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: dollar   manat   inflyasiya  





Xəbər lenti