Professor: “Seçkilərin nəticələri Azərbaycanın imicinə də müsbət təsir göstərəcək”

   Professor:    “Seçkilərin nəticələri Azərbaycanın imicinə də müsbət təsir göstərəcək”
  15 Avqust 2024    Oxunub:1593
“Sentyabrın 1-də keçiriləcək seçkilərin həm Azərbaycanın daxili, həm də regional siyasəti baxımında böyük əhəmiyyəti var”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Qars Qafqaz Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri, pofessor Elnur Həsən Mikayıl deyib.

O, Milli Məclisə keçiriləcək seçkilərin əhəmiyyətini bir neçə aspektdə qiymətləndirib. “Daxili siyasət baxımından burada həm islahatlar, həm də modernləşmə amilləri olacaq. Çünki bu seçkilər dövlətin idarəetmə sistemində islahatların davam etdirilməsini simvolizə edir. Yeni qanunverici orqanın formalaşması cəmiyyətin dəyişən tələblərinə uyğunlaşmaq, siyasi və iqtisadi islahatları həyata keçirmək üçün platforma yaradır. Burada siyasi sabitlik amili də var. Seçkilər demokratik proseslərin işləməsinin göstəricisidir və siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu, həm də siyasi qüvvələr arasında dialoqun və əməkdaşlığın gücləndirilməsinə şərait yaradır. Seçkilər gənc siyasətçilərə yeni ideyalarını ortaya çıxarmaq üçün imkan yaradır. Bu, ölkədə siyasi rəqabəti artırır və idarəetmə prosesini daha səmərəli edir”.

Professor sentyabrın 1-nə təyin edilmiş seçkilərin regional siyasət baxımından da böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “Azərbaycan regionda strateji mövqeyə malikdir. Bu mövqedə siyasi dəyişikliklər qonşu ölkələrə, beynəlxalq oyunçulara təsir edir. Yeni formalaşan parlamentin xarici siyasətə yanaşması və qərarları da regionda tarazlığı dəyişə bilər. Seçkilərin nəticələri Azərbaycanın beynəlxalq aləmdəki imicinə də müsbət təsir göstərəcək. Demokratik proseslərin uğurla həyata keçirilməsi, səmimi siyasi iradə nümayiş etdirilməsi beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə əməkdaşlığı gücləndirəcək”.

Professor suverenliyin tam bərpasından sonra yeni Milli Məclisin formalaşdırılmasının böyük rəmzi və praktiki əhəmiyyət kəsb etdiyini deyib.

“Budəfəki seçkilər Azərbaycanın ərazi bütövlüyünün uğurla bərpa olunmasını əks etdirən güclü milli birlik və qürur simvolu kimi çıxış edəcək. Yeni parlamentə işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı məsələlər üzrə qanunvericilik prosesləri də həvalə olunacaq”.
AzVision.az


Teqlər:





Xəbər lenti