Rəngli Təhlükə - Saç boyaları ölümə səbəb olurmuş

   Rəngli Təhlükə  - Saç boyaları ölümə səbəb olurmuş
  13 Avqust 2024    Oxunub:2552
Qadınların gözəllik üçün istifadə etdiyi üsullardan biri də saç boyamaqdır. Saç boyasından istifadə xanımları nə qədər gözəlləşdirsə də, saçın rəngini dəyişməklə yanaşı, kimyəvi təsirlər nəticəsində saç tellərinin zəifləməsinə, qırılmasına və tökülməsinə, eləcə də qaşınma, səpgi və dermatit kimi dəri xəstəliklərinə səbəb ola bilər.
Saç boyalarının istehsalında 5000-dən çox kimyəvi maddə istifadə olunur. 1970-ci illərdə aparılan araşdırmalar saç boyalarının tərkibindəki aromatik aminlərin heyvanlarda xərçəng riskini artırdığını üzə çıxarıb. Bundan sonra isə bu boyaların istehsalı dayandırılıb.

Mövzu ilə bağlı AzVision.az -a danışan dermotoloq Sevinc Kərimova bildirib ki, saç boyalarının zərərli təsirləri çoxdur:

“Kontakt dermatit kimi allergik xəstəliklərə səbəb ola bilir. Atopik dermatitdən əziyyət çəkənlərə, allergiya xəstələrinə ziyanı böyükdür. Ona görə də, ilk istifadə zamanı mütləq şəkildə bilək nahiyəsində test edilməlidir. Əgər dəridə qızartı və ya səpgi yaranmırsa, saçları boyamaq olar.

Hər bir saç boyasının üzərində istifadəyə göstərişləri də yazılıb. Saçda boyanı tövsiyə olunan müddətdən artıq saxlamaq olmaz. Əks halda saçlar parlaqlığını itirə, kövrəkləşə, qırıla bilər. Ona görə də, mən təbii boyaları tövsiyə edərdim. Bu baxımdan xınalar əla seçimdir”.

Dermatoloq qeyd edib ki, bəzən saç boyası istifadə edənlərdə həddindən artıq kəskin övrə müşahidə olunur:

“ Bu “Kvinke ödemi” adlandırdığımız bir allergik durumdur. Bu halda dodaq, dil, udlağın selikli qişası şişir və boğulmalar müşahidə olunur. “Kvinke ödemi” hətta ölümlə nəticələnə bilər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: saçboyası   zərərləri   allergiya  





Xəbər lenti