"Parlament seçkiləri ilk dəfə bütöv Azərbaycanda keçiriləcək" - Politoloq

 "Parlament seçkiləri ilk dəfə bütöv Azərbaycanda keçiriləcək" -  Politoloq
  12 Avqust 2024    Oxunub:1095
Məlum olduğu kimi, növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayıb. Proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək. Təşviqat üçün ölkə üzrə 3.259 açıq, 1.854 qapalı yer ayrılıb.
Maraqlıdır, Milli Məclisə növbədənkənar seçkilər həm Azərbaycan, həm də region üçün hansı əhəmiyyəti var?

Bu barədə politoloq Tofiq Abbasov AzVision.az-a bildirib ki, növbədənkənar seçkilər bir neçə baxış bucağından çox vacib hadisədir:

"İlk növbədə söhbət qanunverici orqana seçkilər keçirildikdə deputat korpusu yenilənir. Zaman keçdikcə tələblər, standartlar, baxışlar, çağırışlar yenilənir. Hər halda, bir tendensiya dəyişməz qalır. İctimai-siyasi həyatda sərt meyillər özünü büruzə verir, dünya miqyasında müxtəlif proseslərin həlli çətinləşir.

Digər tərəfdən, qanunvericilikdəki boşluqların aradan qaldırılması çətinləşir, nəticədə cəmiyyətdə müxtəlif narazılıqlar yaranır. Çünki qanunverici orqanda olan vakum vəziyyəti sanki bəzi dilemaların həllini məhdudlaşdırır. Ona görə bu proseslərdə şəffaflığı formalaşdırmaqdan ötrü seçkilər keçirilir və fəaliyyət yeni tələblərə uyğunlaşdırılır.

MSK bütün namizədlərə çağırış edib
Qanunverici orqana niyə etimad etməliyik? Gərək qanunlarımız lazımi vaxtda qəbul olunsun, ehtiyacların ödənilməsinə yönəlsin, yəni vətəndaşların həyatına yeni nəfəs gətirsin.

Deputatlara tövsiyə olunur ki, real vəziyyətlə qanunvericiliyin imkanlarını bir-biri ilə əlaqələndirsinlər və görsünlər ki, harada çatışmayan cəhətlər var. Yeni deputatlar gərək bütün proseslərə yaradıcı mövqedən yanaşsınlar. Digər tərəfdən, Azərbaycanda qanunvericiliyin xüsusiyyətlərini düzgün bilsinlər ki, dövrün tələblərinə uyğun qanun layihələrini irəli sürsünlər".

Politoloq, eyni zamanda, Azərbaycanın ilk dəfədir ki, parlament seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi iştirak etməsinə də toxunub:

"Azadlığa çıxmış bütün ərazilərimizdə, Xankəndində, Şuşada seçkilərin keçirilməsi o deməkdir ki, artıq vətəndaşlarımız o bölgələrə qayıdırlar. Ölkəmizdə parlament seçkilərinin ilk dəfə bütün ərazilərimizdə keçirilməsi bizi qürurlandırır. Bu prosesdə Azərbaycan vətəndaşı olan ermənilər də iştirak edəcəklər. Erməni mətbuatında bir növ istehza və inamsızlıqla yazır ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası ermənilərin bu prosesdə iştirakını təmin etməyə hazırlaşması nə dərəcədə düzgündür? Əlbəttə ki, düzgündür. Ermənilər təkcə Qarabağda yaşamırlar, Azərbaycanda 30 mindən artıq erməni əsilli vətəndaşımız var. Təbii, onlar da seçkilərdə iştirak etməlidirlər. Yalan xəbərləri adəti üzrə dünyaya yayan erməni mənbələridir.

Onlar dünya birliyini yenə də Azərbaycanla bağlı çaşdırmağa çalışırlar. Ancaq bu, əsas məsələ deyil. Əsas odur ki, nə edəcəyimizi özümüz bilirik. MSK növbədənkənar seçkilərə bu dəfə də hazırdır. Son prezident seçkiləri ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda keçirildi. İndi azadlığa çıxan ərazilərimizdə parlament seçkiləri də keçiriləcək. Bu bizim üçün olduqca əhəmiyyətlidir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   parlament   seçki   MilliMəclis  





Xəbər lenti