Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib

   Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub -    Yenilənib
  11 Avqust 2024    Oxunub:1015
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə baş verib.
Hadisə zamanı 40-dan çox insan qidadan zəhərlənib.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub.

Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

APA-nın məlumatına görə, xəstələrin bəziləri Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yas mərasimdə iştirak edən 93 nəfərin zəhərləndiyi qeyd olunur.

***
Hadisə ilə bağlı AQTA da məlumat yayıb.

Qurumdan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır.

Araşdırmaların nəticələri barədə məlumat veriləcək.

***
Gəncə Birləşmiş Xəstəxananın Abbas Səhhət adına xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinin müdiri İradə Dəmirovanın verdiyi məlumata görə, vətəndaşların kütləvi müraciəti qeydə alınıb. Onlar arasında yüngül, orta ağır və ağır olan xəstələr var. Hazırda 75-dən çox vətəndaş xəstəxanaya yerləşdirilib. Onların sayı artmaqda davam edir. İlkin versiyaya görə, müraciət edənlər yas mərasimində bozartma, halva, pomidor və xiyardan istifadə ediblər. Protokola görə ilkin tibbi yardım göstərilib, mədələri və bağırsaqları yuyulub. Hazırda ağırlaşmış və dünyasını dəyişmiş xəstə qeydə alınmayıb.
AzVision.az


Teqlər:





Xəbər lenti