Yayda necə qidalanmalı? - Diyetoloq izah edir
Diyetoloq Ləman Süleymanova AzVision.az -a bildirib ki, yay fəsli maddələr mübadiləsinin aktivləşdiyi bir fəsildir:
"Qışdan fərqli olaraq, bu fəsldə qan dövranı yaxşılaşır. İnsanlar yayda daha çox istirahət edirlər, fiziki aktivliyi ön plana çəkirlər. Havalar isti keçdiyinə görə, istər-istəməz çox su içirik. Daha çox detoks sularından istifadə edirik.
Yediyimiz qidalar daha rahat həzm olunur. Buna baxmayaraq qida rejiminə diqqət etmək lazımdır.
Yay fəsli daxili orqanların, hormonların sürət mexanizminə çox yaxşı təsir göstərir. Odur ki, hormonların sürət mexanizminin daha da aktivləşməsi üçün yuxu rejiminə düzgün əməl etməli, səhər tezdən oyanmalı və yüngül fiziki idman hərəkətləri erməliyik. Açıq havada yoqa ilə məşğul olmaq, yürüş etmək də olar. Bu, xüsusən səhər və axşam saatlarında daha faydalıdır.
İlk növbədə su içmək vacibdir. Meyvə-tərəvəzlərin tərkibindəki xeyirli maddələr səhər saatlarında mənimsənilir. Ona görə də səhərlər meyvə şirələrinə üstünlük versək, gün ərzində daha pozitiv, daha gümrah olarıq. Yay fəslinin əsas vacib şərti odur ki, axşam yeməyi yüngül olsun! Çünki, axşam saatlarında həzm siatemi ağır işləyir. Ona görə də, çiy və ya bişmiş tərəvəzlərə, ev şəraitində hazırlanmış detoks çaylarına və ağartı məhsuluna üstünlük vermək lazımdır".
Diyetoloq onu da qeyd edib ki, yay fəslində orqanizmin vitamin balansını tənzimləmək üçün təbii meyvə-tərəvəzlər yemək vacibdir:
"İsti aylarda əlavə vitamin qəbulu məsləhət deyil. Çünki orqanizm bu fəsildə zəhərli toksinlər ifraz etməyə başlayır. Yəni istənilən dərman preparatlarının tərkibindəki maddə orqanizm tərəfindən mənimsənilmir.
Yay fəslində əti və yağlı qidaları bir kənara qoymaq lazımdır. Dana əti belə, orqanizmə bu aylarda mənfi təsir göstərir. Eləcə də quzu ətindən hazırlanmış qidaların tərkibindəki ağır xolestrin orqanizm tərəfindən yaxşı mənimsənilmir".
Həmidə İbrahmova
AzVision.az
Teqlər: düzgünqidalanma yay