Elçin Əmirbəyov: “Sülh sazişinə bu qədər yaxın olmamışıq” - VİDEO

   Elçin Əmirbəyov: “Sülh sazişinə    bu qədər yaxın    olmamışıq” -  VİDEO
  30 İyul 2024    Oxunub:1995
Ermənistanla sülh danışıqlarında əhəmiyyətli irəliləyiş var.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hadson İnstitutunda onlayn seminarda çıxışı zamanı deyib.

“Sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etmişik. Buna heç vaxt belə yaxın olmamışıq. İndi hər iki ölkənin, nəhayət, düşmənçilik fəslini bağlamaq, Cənubi Qafqazda vəziyyəti dəyişmək və onu mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsəti var. Bildiyiniz kimi, proses, uzun müddətdir ki, davam edir. Demək olar ki, 30 il vasitəçilik olub, lakin ötən ilin dekabrında hər iki ölkə danışıqların davam etdirilməsi və başa çatdırılması üçün ən effektiv və ən perspektivli formatın ikitərəfli birbaşa format olduğuna qərar verib. O vaxtdan bəri bir sıra, o cümlədən etimadın yaradılması baxımından, mühüm nailiyyətlər əldə edilib”, - Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.

O qeyd edib ki, danışıqlar masası üzərində olan sülh sazişinin mətninə nəzər saldıqda tərəflərin onun başa çatmasına çox yaxın olduqları görünür.

- Azərbaycan bütün beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmaq, eləcə də münaqişənin əsasında duran problemin, yəni Ermənistanın Azərbaycana ərazi iddiaları məsələsini birdəfəlik həll etmək üçün mümkün olan hər şeyi etmək niyyətindədir. Buna görə də ümid edirik ki, qalan çətinliklər qısa müddət ərzində lazımi qaydada həll olunacaq və təhlükəsiz, davamlı və dönməz sülhə nail ola biləcəyik”, - Elçin Əmirbəyov bildirib.

Sülh müqaviləsinin nə vaxt imzalana biləcəyi məsələsinə toxunan Azərbaycan Prezidentinin nümayəndəsi dəqiq vaxtı elan etməyin məqsədəuyğun olmadığını vurğulayıb.

“Bu daha çox Ermənistan tərəfinin sülh sazişinin imzalanması yolunda qalan yeganə maneəni, yəni Azərbaycana qarşı Konstitusiyada təsbit olunmuş ərazi iddialarını aradan qaldırmaq bacarığından və hazırlığından asılıdır. Artıq qeyd edildiyi kimi, sülh sazişinin mətninin böyük hissəsi razılaşdırılıb. Qalan məsələlərin hamısı həyata keçirilə bilər, lakin münaqişənin ən ekzistensial səbəbinə, daha doğrusu Ermənistan Konstitusiyasındakı ərazi iddialarına göz yumaraq, irəli gedib sülh sazişi imzalaya bilmərik. Ona görə də bu maneə nə qədər tez həll edilərsə, bir o qədər tez yekun həllə nail olacağıq”, - Elçin Əmirbəyov seminar iştirakçılarının diqqətinə çatdırıb.

AzVision.az


Teqlər: Əmirbəyov   sülh  





Xəbər lenti