"YAŞAT" Fondunun Londondakı yay məktəbi başa çatıb

"YAŞAT" Fondunun Londondakı yay məktəbi başa çatıb
  30 İyul 2024    Oxunub:923
“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan ikinci "YAŞAT" yay məktəbi uğurla başa çatıb.
13-27 iyul tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilib və proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərinə cəlb olunublar.

Proqram çərçivəsində iştirakçılar bir-birindən maraqlı ekskursiyalara da qatılıblar. Dünyada mum heykəlləri ilə məşhurlaşan Madam Tüsso Muzeyinə, Britaniya monarxlarının Londondakı rəsmi iqamətgahı sayılan "Buckingham" sarayına, Londonun gözü adlandırılan və 135 metr yüksəklikdə yerləşən, Avropanın ən hündür əyləncə çarxına səfərlər reallaşıb.

Layihə iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə onlar üçün təşkil olunan ziyafətə qatılıblar.

Yay məktəbinin iştirakçılarına sertifikatlar da təqdim olunub. Layihənin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Yay məktəbi ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladını əhatə edib. Xatırladaq ki, ötən il yay məktəbi Almaniyanın Frankfurt şəhərində keçirilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti