Mərkəzi Asiya ölkələri sürətlə silahlanırlar

   Mərkəzi Asiya ölkələri    sürətlə silahlanırlar
  29 İyul 2024    Oxunub:1411
Ukraynada və dünyada artan hərbi münaqişələr fonunda Mərkəzi Asiya ölkələri müdafiə xərclərini artırırlar.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları institutunun məlumatına görə, Qazaxıstan, Qırğızıstan və Tacikistan keçən il müdafiə məsələlərinə 1,8 milyard dollar xərcləyiblər. Özbəkistan və Türkmənistan ümumi daxili məhsulun (ÜDM) nə qədərini müdafiəyə xərclədiklərini açıqlamadıqları üçün bu ölkələr hesabata daxil edilməyib.

KİV-lərdə yayımlanan xəbərlərdə ötən il Qazaxıstanın ÜDM-in 0,5 faizini (ümumi ÜDM 259,7 milyard ABŞ dolları) müdafiəyə ayırdığı bildirilir ki, bu da 2022-ci illə müqayisədə 8,8 faiz artım deməkdir. ÜDM-i təxminən 13,9 milyard dollar olan Qırğızıstan müdafiə məsələlərinə 1,5%, ÜDM-i 12 milyard dollar olan Tacikistan isə orduya 1% vəsait ayırıb.
Regiondakı rəsmilər xərclərin artmasını Ukraynadakı müharibə, Ermənistan və Azərbaycan arasındakı gərginlik, Mərkəzi Asiyada sərhəd mübahisələri və Əfqanıstandakı qeyri-sabitlik kimi amillərlə əlaqələndirirlər.

“Amerikanın səsi” nəşri yazır ki, Mərkəzi Asiyada silahlanmanın artması geosiyasi vəziyyətin dəyişməsindən xəbər verir.

“Rusiyanın üstünlük təşkil etdiyi KTMT – Rusiya və digər beş keçmiş Sovet respublikasının (Qırğızıstan, Tacikistan, Qazaxıstan, Belarus və Ermənistan) ittifaqı – tarixən Mərkəzi Asiyada təhlükəsizlik məsələlərində mühüm rol oynayıb. Lakin son illərdə Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Çin, Almaniya və Fransa kimi digər xarici dövlətlər Mərkəzi Asiya respublikalarının hərbi tərəfdaşlarına çevrilib”, - materialda bildirilir.

Xatırladaq ki, Mərkəzi Asiyanın türkdilli respublikaları son illər Azərbaycanla həm çoxtərəfli, həm də ikitərəfli hərbi əməkdaşlığı gücləndirib. Bir qədər əvvəl Qazaxıstanda Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın iştirakı ilə “Birləşdik-2024” birgə hərbi təlimləri keçirilib. Bununla da Azərbaycanı, Türkiyəni və Mərkəzi Asiya ölkələrini özündə birləşdirən Türk Dövlətləri Təşkilatı yeni hərbi-siyasi ittifaqa çevrilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: MərkəıziAsiya   silahlanma  





Xəbər lenti