COP29-da "İqlim Skaneri"nin nəticələri açıqlanacaq
Görüş zamanı Bruno Dantas "ClimateScanner" ("İqlim Skaneri") layihəsinin cari vəziyyətinə dair məlumatları Baş Katibə təqdim edib. Dantas qeyd edib ki, Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) çərçivəsində Braziliya və 17 ölkəni təmsil edən AAO tərəfindən hazırlanmış iqlim siyasətlərinin auditi üçün qlobal metodologiya olan layihəyə 127 ölkə qoşulub. Həmin ölkələrin AAO-ları üçün nəzərdə tutulmuş təlimlərdən sonra müvafiq qiymətləndirmələrin aparılması planlaşdırılır.
Baş Katib layihənin gedişatından məmnun qaldığını və iqlim dəyişikliyi ilə mübarizə təşəbbüsləri üzrə hökumətlərin cəmiyyətə təqdim etdiyi məlumatların etibarlılığını təmin etmək üçün yoxlanılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, Paris Sazişinin məqsədlərinə riayət olunması ilə bağlı ölkələrin dərc etdikləri məlumatların araşdırılmasına ehtiyac var.
Bu kontekstdə Bruno Dantas qlobal iqlim dəyişikliyi ilə bağlı siyasətlərdə ali nəzarət institutlarının roluna dair BMT-nin rəsmi qətnaməsinin vacibliyinə toxunub.
Braziliya AAO-nun sədri Bruno Dantas "ClimateScanner"in nəticələrinin noyabrda Azərbaycanda keçiriləcək COP29-da təqdim olunacağını bildirib.
AzVision.az