Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır

   Peskov Rusiyadakı    demoqrafik vəziyyətdən    narahatdır
  26 İyul 2024    Oxunub:3523
Rusiya prezidentinin mətbuat katibi Dmtiri Peskov doğum səviyyəsini ölkənin gələcəyi üçün fəlakət adlandırıb.
AzVision.az xəbər verir ki, çoxuşaqlı anaları qəhrəman saydığını deyən Dmitri Peskov, ölkədə əhalinin təbii artımının aşağı əmsalı – 1,4 olması səbəbindən Rusiyanın demoqrafik fəlakətə yaxınlaşdığını bildirib.

“Biz dünyanın ən böyük ölkəsində yaşayırıq, amma hər il daha da azalırıq. Bu isə, yalnız orta doğum nisbətini artırmaqla həll edilə bilər. Hazırda bu göstərici olduqca aşağı səviyyədədir – 1,4 əmsal. Bu rəqəm Avropa ölkələri, Yaponiya və digərləri ilə müqayisə oluna bilər. Amma bu, millətin gələcəyi üçün fəlakətlidir”, - Rusiya prezidentinin mətbuat katibi Yeni Mediaların Festivalı iştirakçıları ilə görüşdə deyib.

Kremlin rəsmi təmsilçisi çoxuşaqlı anaların qəhrəman və qəhrəmanlığın çoxlu siması olduğunu söyləyib.

- Bu qəhrəman xüsusi hərbi əməliyyatın (Rusiyanın təbirincə, Ukraynada gedən müharibə - red. ) qəhrəmanı ola bilər. Bu qəhrəman xərçəngin müalicəsini icad edən eynəkli bir elm adamı və hansısa fəlsəfi əsər yazan 90 yaşlı ağsaçlı bir kişi də ola bilər”, - Peskov vurğulayıb.

Rusiyanın Statistika komitəsinin məlumatına görə, ötən il ölkədə doğum üzrə məcmu əmsal 1,41-ə bərabər olub ki, bu da son 17 ilin ən aşağı göstəricisidir. Bundan başqa, 41 regionda bu nisbət ölkə üzrə orta göstəricidən aşağı olub. İyulun əvvəlində isə baş nazirin müavini Tatyana Qolikova Rusiyada reproduktiv yaşda olan qadınların sayının azalmasının 2046-cı ilə qədər davam edəcəyini diqqətə çatdırıb.

“Makroİqtisadi təhlil və Qısamüddətli proqnozlaşdırma” Mərkəzinin ekspertləri bildirirlər ki, hökumət populyasiyanı dəstəkləmək üçün mövcud tədbirləri iqtisadi inkişaf səviyyəsinə malik müxtəlif regionlardan olann ailələrin ehtiyaclarına uyğunlaşdırmalıdır.

Qeyd edək ki, 2007-ci ilin oktyabrında Rusiyada qəbul olunan “Dfemoqrafiya siyasəti” (2007-2025-ci illəri əhatə edir) konsepsiyası çərçivəsində əhalinin təbii artımını stimullaşdırmaq üçün büdcədən birdəfəlik “analıq kapitalı” adlı ödəniş nəzərdə tutulur. Bu kapitalın həcmi ailədə birinci uşaqdan başlayaraq, sonrakı uşaqlara görə getdikcə artır. Məsələn, bu ilin fevralından ilk uşaq üçün “analıq kapitalı” 639,4 min rubl, ikinci uşaq üçün isə 883 min rubl miqdarında müəyyən edilib. Qanunvericilikdə həmin vəsaitin necə və haraya xərclənə bilməsi ilə bağlı sərt şərtlər də qoyulub.

Əksər ekspertlərin fikrincə, əslində elə real rəqəmlər də bunu sübuta yetirir, hətta belə siyasət də Rusiya hökumətinin gözləntilərini doğrultmayıb. Bunun əsas səbəblərindən biri də, cəmiyyətin ənənəvi qaydada hakimiyyətə inamsızlığı və vətəndaşların ölkənin sosial-iqtisadi perspektivləri ilə bağlı bədbin ruhda olmasıdır. Lakin Ukrayna ilə müharibədə verilən insan itkiləri, habelə ələ keçirilən yeni ərazilər Rusiya hökumətini bu məsələdə fəallaşmaq məcburiyyəti qarşısında qoyur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Peskov   demoqrafiya   fəlakət  





Xəbər lenti