Ukraynadakı müharibə Şimali Koreyanın iqtisadiyyatını gücləndirib

   Ukraynadakı müharibə Şimali Koreyanın iqtisadiyyatını gücləndirib
  26 İyul 2024    Oxunub:1191
Rusiya ilə yaxınlaşma və Ukraynadakı müharibə üçün Moskvaya bir milyondan çox sursat tədarükü fonunda Şimali Koreyanın (Koreya Xalq Demokratik Respublikası) iqtisadiyyatı üç illik geriləmədən sonra kəskin şəkildə canlanmağa başlayıb.
Cənubi Koreyanın Mərkəzi bankının məlumatına istinad edən “Bloomberg” nəşri ötən il KXDR-in ümumdaxili məhsulunun (ÜDM) həcminin 3,1% artaraq 2016-cı ildən sonra rekord inkişaf a nail olduğunu yazıb.

Ən böyük artım dinamikası ağır və kimya sənayesi sahələrində qeydə alınıb – onlarda əvvəlki illə müqayisədə 8,1% yüksəliş olub. Xüsusilə, Şimali Koreyanın silah-sursat sənayesi üçün zəruri olan ilkin metalların, o cümlədən dəmir, polad, mis, nikel və alüminium istehsalı artıb.

Eyni zamanda, Perspektivli Müdafiə araşdırmaları üzrə analitik mərkəzi (C4ADS) ötən ilin avqustundan 2024-cü ilin yanvarına qədər Şimali Koreyanın Rusiyaya 1,6 milyona yaxın artilleriya mərmisi göndərdiyini bildirib. Lakin Cənubi Koreya kəşfiyyatının məlumatına görə, bu rəqəm 3 dəfə çox ola bilər.

Ağ Ev KXDR-in Rusiyaya verdiyi silahlar arasında ballistik raketlərin də olduğunu iddia edib. Halbuki, Moskva və Pxenyan “qeyri-qanuni hərbi-texniki əməkdaşlıq”la məşğul olduqlarını dəfələrlə təkzib ediblər. Bununla belə, Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfəri zamanı iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Bu müqavilə tərəflərdən birinə hücum edilərsə və onlardan hansısa müharibə vəziyyətində olarsa, dərhal qarşılıqlı yardım göstərilməsini nəzərdə tutur.

Qeyd edək ki, 2011-ci ildə Kim Çen Inın hakimiyyətə gəlişindən bəri Şimali Koreyanın iqtisadiyyatı ən sürətli artım tempi nümayiş etdirsə də, KXDR dünyanın ən kasıb ölkələrindən biri olaraq qalır. BMT-nin müvafiq agentliyinin məlumatına görə, ölkə əhalisinin çoxu ərzaq, dərman və digər əsas tələbat malları çatışmazlığından əziyyət çəkir. Yeri gəlmişkən, bunun əsas səbəblərindən biri də, kollektiv qərbin Şimali Koreyaya qarşı sərt sanksiyalar rejimi tətbiq etməsidir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: KXDR   iqtisadiyyat  





Xəbər lenti