“Azad olunmuş ərazilərdə meşə sahələri artırılmalıdır”

“Azad olunmuş ərazilərdə meşə sahələri artırılmalıdır”
  23 İyul 2024    Oxunub:1017
Qəhrəman Yusupov: “Azad edilmiş ərazilərdə ekoturizm və təbiətlə bağlı hər hansı qayda pozuntusu cərimələrlə müşayiət olunmalıdır. Cərimələr yalnız maddi deyil, həm də mənəvi təsirlərlə həyata keçirilə bilər”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.

Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.
Müsahibimiz Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin sədri Qəhrəman Yusupovdur.
- Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Hazırda Azərbaycanın aidiyyəti qurumları, ümumilikdə dövlət tərəfindən ətraf mühitin qorunması yolunda həyata keçirilən tədbirlər təqdirəlayiqdir. 2000-ci ildən indiyə kimi xeyli işlər görülüb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb, “Meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” qəbul edilib. Bu proqrama əsasən ölkəmizin müxtəlif ərazilərində yaşıllaşdırma işləri müvəffəqiyyətlə həyata keçirilir: keçmiş meşə sahələri bərpa edilir, yeni yaşıllıqlar salınır. Misal olaraq Abşeron yarımadasında görülən işləri sadalamaq olar. Yarımadada Zığ gölü ətrafı və xüsusilə də keçmiş neft mədənləri ərazilərində intensiv surətdə ağaclar əkilir. Bundan başqa, “Xüsusi mühafizə olunan ərazilər haqqında” qanun qəbul edilib, 10 Milli park yaradılıb. O ki qaldı, işğaldan azad olunmuş ərazilərə, burada da yeni milli parkların yaradılması nəzərdə tutulub. Bu ərazilərin erməni işğalçıları tərəfindən basdırılmış minalardan təmizlənməsinin özü də əslində ətraf mühitin, yaşıllıqların qorunması deməkdir.
Laçın, Kəlbəcər rayonlarında məskunlaşmış və ya bura köçəcək yerli əhali yaşıllıqlar qoynunda yaşayacaqlar. Onlar asudə vaxtlarını təbiətdə keçirir, yerli su hövzələrində balıq tutur və s. işlər görürlər.
Həyata keçirilən tədbirlərdən biri də İstilik Elektrik Stansiyaları əvəzinə Su Elektrik Stansiyalarının yaradılması, günəş elektrik panellərinin qurulmasıdır. Bütün bunlar ətraf mühitin qorunmasına böyük töhfədir. Nəinki azad olunan torpaqlarda, aran zonasında da kənd təsərrüfatına uyğun olmayan ərazilər var ki, buralarda günəş panelləri qurmaq mümkündür. Biləsuvar rayonunda artıq bu cür panellərin qurulmasına başlanılıb. Bu rayonda əldə olunan elektrik enerjisi bir neçə rayonu təmin etmək imkanına malik olacaq. Bu isə o deməkdir ki, əlavə istehsalat obyektləri açıldıqca bu obyektlərin elektrik enerjisinə olan tələbatı tam ödəniləcəkdir. Yeri gəlmişkən, azad olunmuş ərazilərdə meşə sahələri də artırılmalıdır. Ölkə ərazisinin yalnız 13%-i meşə sahələridir.
Tullantılar da narahatlıq doğuran məsələdir. Ümumiyyətlə şəhər, qəsəbə, kənd bələdiyyələrinin bir vəzifə borcu var ki, bu da öhdələrində olduğu ərazilərdə təmizliyin qorunması, tullantıların vaxtında yığılıb daşınmasına nəzarət və yardımçı olmaqdır. Lakin hər yaşayış məntəqəsində bu tələblərə riayət olunmur. Xüsusilə də, ucqar ərazilərdə bu problem həmişə gündəmdədir.
-“Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
- Ekoloji turizm təbiət qoynunda həyata keçirilən turizm növüdür ki, bu zaman yalnız istirahət deyil, eyni zamanda ətraf ərazilərin flora və faunası barədə turistlər tərəfindən informasiyanın əldə edilməsidir. Qrup rəhbəri tur marşrutun keçdiyi ərazidə təbiətin hər məqamı barədə məlumatlı olmalı və turistlərə çatdırmağı bacarmalıdır. Ekoloji turlar zamanı ətraf ərazilərin zibilliklərdən təmizlənməsi və ya yeni əkinlərin salınması da həyata keçirilə bilər. Təbiət qoynuna səfərlər insanlar tərəfindən təbiətə olan mövqeyini, münasibətini tam dəyişdirir. İnsanlar bitki aləmi barədə nə qədər geniş məlumatlı olarlarsa, onlar bir o qədər də bu aləmi mühafizə edər, qoruyarlar.
Ölkəmizdə olan 10 milli parkın hər birində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən 100-ə qədər ekoloji marşrutlar salınıb. Marşrutlar müxtəlif məsafəlidir, çətinlik dərəcəsi fərqlidir, hərəkət isə piyada, atlarla, avtomobillə aparıla bilər. Nazirlik tərəfindən çox gözəl təşəbbüslər irəli sürülüb. Lakin bu imkanlardan yararlanaraq həmin ərazilərdən həddən artıq turistin keçməsi təbiətə yalnız ziyan vura bilər. Yəni bitkilərin zədələnməsi, faunanın həmin ərazidən uzaqlaşması baş verə bilər. Bu səbəbdən Qərb ölkələrində milli parklara giriş sayı limitləşdirilib.
Bir məqamı da qeyd edim ki, sosial şəbəkələrdə təbiət qoynunda turlar təşkil edən bir sıra təşkilatlar öz fəaliyyətləri barədə mütəmadi olaraq məlumat yerləşdirirlər. Bunlardan Polad Camping club Azerbaijan, Camping Azerbaijan təşkilatları öz aktivlikləri ilə seçilirlər. Azərbaycan Skautlar Assosiasiyası yeniyetmələr üçün mütəmadi olaraq təbiət ərazilərində tədbirlər keçirir. Bu təşkilatın həyata keçirdiyi tədbirlər zamanı təbiət qoynunda yeniyetmələrə düşərgədə çadırqurma, oxatma, ilk yardım, ocaq qurma, dağçılıq bacarıqları öyrədilir.
Ümumilikdə nəinki azad olunan torpaqlar, ölkəmizin istər Cənub regionu, istərsə də Şimal, Şimal-Qərb, Qərb regionları böyük turizm potensialına malik ərazilərimiz sayılır. Bu zonalarda dağlıq, meşəlik ərazilər, çaylar, göllər, mineral bulaq mənbələrinin olması təbiət qoynunda fərqli istirahətin keçirilməsi üçün hər tərəfli imkanlar var. Yerli sakinlər istər yerli, istərsə də əcnəbi turistləri gülərüzlə qarşılayaraq, onlara dəstək göstərirlər, qonaqpərvərlik isə yüksək səviyyədə olur.
Yeri gəlmişkən, təəssüf ki, Xəzər dənizinin də potensialından lazımi səviyyədə istifadə edilmir. Turistlərə təklif olunan xidmət çeşidi nə qədər geniş olarsa, turistlər həmin əraziyə dəfələrlə gələrlər. Dənizdə qayıqlarla gəzinti, balıq tutmaq, sualtı gəzintilərin təşkili demək olar ki yoxdur. Hətta Bakıda bulvarda gəmidə təşkil edilən gəzintilər böyük fasilələrlə keçirilir. Bu gəzintiləri ekskursiya formatında keçirilməsi üçün hər cür imkanlar var. Belə olan halda zaman dəniz gəzintisi daha maraqlı keçər.
Gözəl təbiətə malik bölgələrdə - dağı, meşəsi, çayı, mineral bulaqları olan ərazilərdə kənd turizmi geniş yayılıb. Qərb ölkələrində bu turizm növü ölkə vətəndaşları arasında daha çox tələb olunan turizm növüdür. Bu səbəbdən dövlət, icra hakimiyyəti orqanları bu turizm növünü hərtərəfli dəstəkləyirlər. QHT-lər də burada öz sözünü deyirlər. Məsələn, “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyi kənd turizminin populyarlaşmasında xüsusi rol oynayıb. İctimai birlik ölkəmizin demək olar ki, bütün bölgələrində turistlərə xidmət göstərən və ya xidmət göstərmək istəyən kənd sakinlərinə təlimlər keçirir. Təlimlərdə kənd evi daxilində, həyətyanı sahədə, kənd ərazisində və kəndətrafı ərazilərdə turist xidmətlərinin incəlikləri barədə nəzəri və praktiki təlimlər təşkil olunur. İctimai birliyin mütəxəssisləri tərəfindən layihələr çərçivəsində “Qonaq evlərinin sahiblərinə praktiki tövsiyələr” və “Kənd qonaq evlərinin fəaliyyətinin əsasları” çap vəsaitləri hazırlanır və s. tədbirlər təşkil olunub. Bu kimi tədbirlər gələcəkdə azad olunmuş ərazilərdə də aktiv şəkildə təşkil olunsa yaxşı olar.
Ümumiyyətlə, bölgələrin potensialını yerli sakinlər daha yaxşı bilirlər və turizm fəaliyyəti ilə məşğul olan qurumlara məhz yerli sakinlərin xidmət və imkanlarından daha geniş istifadə etmələri tövsiyə olunur.
-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Ümumiyyətlə maarifləndirmə tədbirləri necə olmalıdır? Hansı cərimələr tətbiq edilə bilər?
-Ümumiyyətlə, reklam və maarifləndirmə davamlı surətdə həyata keçirilməlidir. Ərazinin təmiz saxlanması, sanitariya-gigiyena tələblərinə cavab verən şəraitin olması təkcə iaşə obyektlərinə deyil, bütün sakinlərə aiddir. İstər yerli, istərsə də burada müvəqqəti qalan sakinlər, turistlər bu qaydalara riayət etməlidirlər.
Təmizliyə riayət edilməsi üzrə maarifləndirmə uşaq yaşlarından ailədə, orta və ali təhsil ocaqlarında, iş yerlərində həyata keçirilməlidir. Düzdür son illərdə meşə ərazilərinin, dəniz sahillərinin zibilliklərdən təmizlənməsi istiqamətində aktiv aksiyalar keçirilir. Amma maarifləndirmə daha da aktivləşməlidir. İnanıram ki, bu aksiyalarda iştirak etmiş könüllülər yaşadıqları ərazilərdə də gələcəkdə təmizliyə daha həssaslıqla yanaşacaqlar.
Ekoloji tarazlıq hər bir icmanın ali vəzifəsinə çevrilməlidir. Hər bir icma üzvü natəmizliklə bağlı hərəkətinə və ya bitki aləminə vurduğu ziyana görə məsuliyyət hiss etməlidir. Bu məsuliyyəti hər bir şəxs yalnız ona cərimə yazıldıqda deyil, əvvəldən bilməlidir. Bunun üçün isə telekanallarda, sosial şəbəkələrdə, çöl reklam lövhələrində məsuliyyətə cəlb olunma barədə məlumatlandırmalar olmalıdır.
Təbiət qoynuna turlar zamanı piyada, atüstü, velosipedlə yürüş zamanı ətraf ərazilərin zibillənməsinə yol verilməməlidir.
-Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?
-İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilk növbədə insanların həyatının qorunması və təbii resursların qorunmasıdır. Minaların partlaması insan həyatına təhlükə yaratdığı kimi, heyvan və quşların həmin ərazilərdən uzaqlaşması ilə müşayiət olunur.
Ekoloji durum surətlə dəyişir. Məsələn, keçən əsrin 60-70-ci illərində Şıx çimərliyində dənizdə 1-2 saat ərzində 3 kiloluq balon həcmində xərçəngkimiləri tutmaq olurdu. Hazırda heç 1 sutka ərzində bu qədər xərçəngkimiləri tapmaq mümkün deyil.
Qarabağ bitki və heyvanat aləmi resursları zəngin ərazidir. Buranın landşaftı həmişə bölgəyə gələnləri valeh edib. Görkəmli dramaturq Mirzə Fətəli Axundov XIX əsrdə özünün pyesində fransız səyahətçisi Müsyö Jordanın Qarabağın bitki aləminə necə valeh olduğunu göstərib.
Hazırda Suqovuşan su anbarında avarçəkmə üzrə beynəlxalq yarışlar keçirilir, Laçın rayonunun sakinləri Həkəri çayında balıq ovuna çıxırlar. Bu imkanlar turizmin inkişafına təsir edən amillərdir. İnanıram ki, Qarabağ ərazisinin hər metri turizm üçün böyük potensiala malik olacaq.
Yol infrastrukturunun təkmil olması sahibkarlıq obyektlərinin səmərəli işləməsi ilə yanaşı turistlərin bu ərazilərə gəlməsinə təsir edən əsas amildir.
Burada ekoturizm və təbiətlə bağlı hər hansı qayda pozuntusu cərimələrlə müşayiət olunmalıdır. Cərimələr yalnız maddi deyil, həm də mənəvi təsirlərlə həyata keçirilə bilər. Yaşadığı ərazini, Vətənini sevən hər bir vətəndaş qəbul olunmuş qaydalara riayət etməlidir.
Ölkəmizin müxtəlif regionlarında alma, nar, düyü, sitrus , kulinariya və digər festivallar keçirilir. İlk növbədə təmizliyin saxlanması üçün münasib sayda zibil yeşikləri, biotualetlər qurulmalı və bunlara nəzarət edən, təmizləyən əlavə işçilər cəlb edilməlidir. Eyni tədbirlər azad olunmuş ərazilərə də aiddir.
-Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yeni media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?
-Hazırkı dövrdə təbliğat tədbirlərinin onlayn resurslarda aparılması geniş yayılıb. Neqativ hallar “You Tube”, “X” sosial şəbəkələri vasitəsilə, digər saytlarda göstərilməlidir. Eyni zamanda təmizliyin saxlanması, neqativ davranışların qarşısının alınması məqsədilə yerli sakinlərlə toplantılar keçirilməli, festivallar, yarmarkaların keçirilməsi zamanı maarifləndirici tədbirlər həyata keçirilməlidir.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti