"Nestlé" qalmaqalı: "Mineral su" adı ilə çirkab?

       "Nestlé" qalmaqalı:     "Mineral su" adı ilə çirkab?
  22 İyul 2024    Oxunub:1084
İsveçrə mənşəli beynəlxalq "Nestlé" qida və içki şirkətinin buraxdığı təbii mineral su ilə bağlı qalmaqal yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın "Mediapart" onlayn qəzeti aparılan araşdırmanın nəticəsinə əsasən məlumat yayıb.

Bildirilir ki, şirkətin "Nestlé Waters" adlı brendi içməyə yararsız, çirkli suyu süzüb "mineral" adı altında satmaqla istehlakçılara son 15 ildə 3 milyard avro həcmində ziyan vurub. Mütəxəssislər üzə çıxarıblar ki, naməlum mənbədən götürülən suyun tərkibində müxtəlif nəcis bakteriyaları, bağırsaq çöpləri və pestisidlər var.

"Görünür, "Nestlé" onilliklər ərzində Fransa, Avropa, hətta bütün dünyada insanlara "təbii mineral su" adı ilə milyardlarla şüşə natəmiz su sırıyıb", - Avropada fəaliyyət göstərən "Foodwatch" qida təhlükəsizliyi üzrə maraq qrupunun yerli nümayəndəsi İnqrid Kraql "Mediapart"a açıqlamasında deyib.

("Foodwatch" qida təhlükəsizliyi üzrə maraq qrupunun fransalı nümayəndəsi İnqrid Kraql)

Xanım nümayəndənin sözlərinə görə, qrup qanun pozuntusu faktını ictimaiyyətdən gizlətdiyi üçün Fransa hökumətinin də cəzalandırılmasını istəyir. Eyni zamanda, Avropa Komissiyasının iyulun 24-də bu qalmaqal üzrə hesabatı verməsi gözlənilir.

Hərçənd "Nestlé" bu iddianı qətiyyətlə rədd edir və sözügedən su brendinin Fransada satılmadığını diqqətə çatdırır.

"Məhsullarımız rahatlıqla istehlaka yararlıdır", - şirkət Almaniyanın "Bild" qəzetinə açıqlamasında vurğulayıb.

"Bild" qəzeti yazır ki, "Mediapart" timsalında Fransanın "Nestlé"yə etibarsızlığı onun bu ölkədə qeyri-qanuni sayılan filtrasiya üsulu ilə əlaqədardır:

"Nestlé Waters" filtrasiya üsulu ilə bağlı məqamı qəbul edir. Odur ki şirkətin 2021-ci ildə Fransa hökumətinin nümayəndələri ilə danışıqları nəticəsində qeyri-qanuni təmizləmə metodundan istifadə dayandırılıb və brendin istehsalı dövlət standartına uyğunlaşdırılmağa başlanıb".

Xatırladaq ki, bu qalmaqal cari il ərzində "Nestlé Waters"lə əlaqəli ilk qalmaqal deyil. Yanvarda yenə Fransanın "Les Echos" qəzeti məlumat yaymışdı ki, şirkət suyun təmizlənməsi prosesində ultrabənövşəyi və karbon filtrləri işlədir. Doğrudur, Avropa İttifaqında belə bir filtrasiya metoduna kran suyunun süzülməsi üçün icazə verilir, lakin qablaşdırılmış mineral suyun istehsalında qadağandır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Nestle   su   qalmaqal  





Xəbər lenti