Trampçılar: “Seçkilərin nəticələri artıq saxtalaşdırılıb”

   Trampçılar:    “Seçkilərin nəticələri artıq saxtalaşdırılıb”
  14 İyul 2024    Oxunub:1334
Respublikaçılar Partiyası və onun mühafizəkar müttəfiqləri ABŞ-nin seçki sisteminə qarşı indiyədək görünməmiş hüquqi kampaniya aparırlar. Onlar keçiriləcək seçkilərin nəticələrinin Trampın əleyhinə artıq saxtalaşdırıldığını iddia edirlər.
AzVision.az “The New York Times” qəzetində dərc olunan materiala istinadən xəbər verir ki, kampaniyada Respublikaçı Milli Komitə ilə sıx əməkdaşlıq edən respublikaçı hüquqşünasların və fəal qrupların güclü şəbəkəsi iştirak edir. Onların bir çoxu Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğvini tələb edən hadisələrdə fəallıq göstəriblər.

“Lakin dörd il əvvəlki xaotik və bədahətən çağırışdan fərqli olaraq, yeni təşəbbüs ölkənin hissələrdən ibarət seçki sistemində hər hansı zəif tərəfin sistematik axtarışını nəzərdə tutur: strategiyanın mahiyyətində seçiciləri hətta heç bir sübut olmadan seçkinin nəticələrinin oğurlanacağına inandırmaq cəhdi dayanır”, - məqalənin müəllifi yazır.

Fəalların iddiasına görə, demokratlar seçki nəticələrini dəyişdirmək üçün poçtla səsvermə, seçki qutuları və seçici qeydiyyatından istifadə edirlər. Trampa qarşı ittiham aktı və məhkəmə prosesi isə, seçkiyə müdaxilə etmək üçün Bayden administrasiyasının xüsusi gedişidir.

- Hazırda azad və ədalətli seçki şansı yoxdur. Mən rəsmi şəkildə Bayden administrasiyasını ən sağlam düşüncəli siyasətçilərin və məmurların çoxunun vicdanlı seçkilərin keçirildiyini təsdiqləyə biləcəyi bir mühit yaratmamaqda ittiham edirəm”, - bu həftə keçirilən tədbirdə mühafizəkar beyin mərkəzi olan “Heritage Foundation” beyin mərkəzinin layihə direktoru Mayk Hauell deyib.

Respublikaçılar Nevadada və bir sıra digər ştatlarda demokratların üstünlük verdiyi poçtla səsvermə qaydalarına nəzarəti gücləndirmək üçün məhkəməyə müraciət ediblər. Onların Corciya və Arizona ştatlarında qaldırdıqları məhkəmə iddiaları uğurlu olarsa, yerli seçki məmurlarına sertifikatlaşdırmanı dayandırmaq və hətta səsvermə ilə bağlı şəxsi araşdırmalar aparmaq səlahiyyəti veriləcək.

Respublikaçılar bildirirlər ki, onların yeganə məqsədi seçki sistemini gücləndirmək və inam yaratmaqdır, necə ki, koronavirus pandemiyası zamanı edilən dəyişikliklər səsverməni asanlaşdırdı.

Amma demokratların, vətəndaş hüquqları üzrə vəkillərin və hətta bəzi respublikaçıların iddiasına görə, bütün bu cəhdlər uğursuz olsa belə, Trampın müttəfiqləri minlərlə yerli seçki məmurlarına prosesi pozmaq üçün səlahiyyətlər verməyə çalışmaqla indidən nəticələrə etiraz etmək üçün bəhanələr uydururlar.

Nevada ştatında böyük bir dairə də daxil olmaqla, bir neçə ştatda seçki komissiyalarının üzvləri artıq ilkin seçkilərin bülletenlərinin sayılması sertifikatını bloklamaq qərarına gəliblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   seçkilər  





Xəbər lenti