Moskva Aİ-nin Ermənistandakı missiyasından şübhələnir

   Moskva Aİ-nin Ermənistandakı missiyasından    şübhələnir
  12 İyul 2024    Oxunub:1232
Qərb Rusiya obyektləri, eləcə də Ermənistanla həmsərhəd olan digər dövlətlərin obyektləri haqqında kəşfiyyat məlumatları toplaya bilər.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının fəaliyyətini şərh edərkən belə deyib.

“Onlar hesabatlarını birbaşa Brüsselə göndərirlər və hətta erməni tərəfi ilə də bölüşmürlər. Qərblilərin Rusiyanın, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlərin obyektləri ilə bağlı kəşfiyyat məlumatları topladığını deməyə bütün əsaslar var. Rusiya Aİ missiyasının Ermənistandakı fəaliyyətini mənfi qiymətləndirir. Çünki Aİ-nin vəzifəsi Cənubi Qafqaz dövlətlərinin - Rusiya, İran, Türkiyənin ənənəvi tərəfdaşlarının və qonşularının maraqlarına zərər verərək regionda möhkəmlənməyə çalışmaqdır”, - Mixail Qaluzin vurğulayıb.

Rusiyalı diplomat qeyd edib ki, Rusiya Aİ ölkələrindən olan müşahidəçilərin işinin “nəzərə çarpan nəticələrini” görmədi. Belə ki, onların mövcudluğu Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı gərginləşmənin qarşısını ala bilmədi.

Mixail Qaluzinin bəyanatına əlüstü cavab verən Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan ona müstəqil ölkənin daxili işlərinə qarışmamağı məsləhət görüb.

- Dövlət və onun təhlükəsizlik sistemi ilə bağlı bütün problemlər Ermənistan hakimiyyəti tərəfindən ölkənin maraqlarından çıxış edərək həll olunur”, - Arşakyam deyib.


Xatırladaq ki, Aİ-nin 2023-cü ilin fevralında Ermənistana göndərdiyi müşahidə missiyasına 100 nəfər daxildir ki, onlardan da 50-si silahsız mülki müşahidəçidir.Vəzifəsi “Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün şərait yaratmaq” olan bu missiyanın üzvlərinin səlahiyyət müddəti iki ildir.

Azərbaycanın bu missiyanı tanımadığını və Brüssellə razılaşmanın İrəvanın birtərəfli qərarı olduğunu bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hələ bu ilin martında Aİ-nin Ermənistandakı missiyasının effektivliyini şübhə altına alıb.

Yeri gəlmişkən, bu, Aİ-nin Ermənistandakı ilk belə missiyası deyil. İrəvanla razılaşma əsasında Aİ Ermənistana 2022-ci il oktyabrın 6-da belə missiya göndərmişdi ki, onun da müddəti həmin il dekabrın 19-da başa çatdı. Maraqlıdır ki, Avropa diplomatiyasının qoca rəhbəri Josep Borrell, sonradan həmin missiyanın öz effektivliyini sübut etdyini bildirdi.

Amma həmin effektivliyin nədən ibarət olduğuna heç kim şahidlik edə bilmədi. Görünür, heç Borrelin özü də bunun nədə özünü göstərdiyini sübut edə bilməzdi. Sadəcə, gəlişi gözəl səslənən sözlərlə Vaşinqtonu və Brüssel bürokratiyasını, ilk növbədə isə özünü bu müstəvidə böyük əhəmiyyət kəsb edən “uğur” qazandığına inandırmaq istəyridi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qaluzin   Ermənistan    





Xəbər lenti