Raşid Beqlaryana hökm oxunub

   Raşid Beqlaryana hökm oxunub
  12 İyul 2024    Oxunub:1085
Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub.
Hökm Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan edilib. Məhkəmədə cinayət işinin materialları elan edilib. Məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub. Təqsirləndirilən şəxs məhkəmə istintaqının tamamlanmasına etiraz etməyib.

Daha sonra dövlət ittihamçısı R.Beqlaryanın 17 il azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər müşavirəyə yollandıqdan sonra hökm elan edilib. Hökmə əsasən, R.Beqlaryan 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edilib ki, o, 5 ili həbsxanada, yerdə qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər.

Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.

AzVision.az



Teqlər:





Xəbər lenti