Nazirlərin Vaşinqton görüşü nə vəd edir? - Politoloqun şərhi

 Nazirlərin Vaşinqton görüşü nə vəd edir? -  Politoloqun şərhi
  11 İyul 2024    Oxunub:1340
Xəbər verdiyimiz kimi, 10 iyul 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Baş tutan bu görüş sülh müqaviləsinin imzalanmasını tezləşdirə bilərmi?

Məsələni AzVision.az -a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Vaşinqtonda və ya hər hansı bir ölkədə Ermənistan xarici işlər naziri ilə görüş keçirilməsi həlledici mahiyyət daşımır:

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
"Azərbaycan görüşdə iştirak etməklə ilk növbədə sülhə meyilli və sülhün təşəbbüskarı olduğunu sərgilədi. Bu görüşün yeganə nəticəsi ondan ibarətdir ki, tərəflər sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirəcək. Bu yanaşma tərzi Vaşinqton görüşündən öncə də bəlli idi. Azərbaycan sülh müqaviləsi ilə bağlı 10-cu təkliflər paketini Ermənistana təqdim edib.

Vaşinqton görüşündə nəzərə çarpan ən önəmli məqam Ceyhun Bayramovun ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyası ilə bağlı mövqeyinin eyni qətiyyətlə ifadə olunmasıdır. Hazırda tələsik olaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına təşviq edənlər başa düşməlidirlər ki, söhbət Cənubi Qafqazın və daha geniş bir subregionun davamlı təhlükəsizliyinin təmin olunmasına xidmət edən, həyati əhəmiyyət daşıyan, məsuliyyət və öhdəliklər yaradan ciddi dövlətlərarası sənəddən gedir".

Politoloq qeyd edib ki, gələcəkdə müqavilənin şərtlərinin pozulmasına, yeni bir münaqişənin yaranmasına xidmət edən bütün maneələr sülh sazişi imzalanana qədər aradan qaldırılmalıdır:

"Ermənistanın müstəqillik bəyannaməsində, Konstitusiyasında və digər hüquqi normativ aktlarında başqa bir ölkənin ərazisinin anneksiyasının dövlətin və xalqın başlıca vəzifəsi kimi vurğulanması BMT Nizamnaməsinə, bütün beynəlxalq konvensiyalara ziddir. Yəni beynəlxalq hüququn müstəqil subyekti olan bir ölkənin başqa bir ölkənin ərazisini özünə birləşdirəcəyini konstitusiya səviyyəsində bəyan etməsi sivil dünyanın tarixində görünməmiş bir presedentdir.

İndi Bayden administrasiyası ABŞ-də keçiriləcək prezident seçkilərinə qədər təbliğat kampaniyasında istifadə etmək üçün hansısa sülh müqaviləsi nəticəsinin əldə olunmasına, yaxud Paşinyan hakimiyyətinin qorunub saxlanmasına cəhd göstərirsə, o zaman İrəvana da, erməni xalqına da bunun yeganə yolunu nişan verməlidir. Əks təqdirdə sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Azərbaycan sülhün davamlılığı üçün bütün maneələrin aradan qaldırılmasını zəruri hesab edir. Əgər Ermənistan özünün konstitusiyasında yenə də Azərbaycan torpaqlarının işğalını başlıca vəzifə kimi qoyursa, o zaman bu ölkə ilə sülh müqaviləsinin imzalanması gələcək üçün yeni bir minanın basdırılması deməkdir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan   ABŞ   sülhmüqaviləsi  





Xəbər lenti