ABŞ-da açıqlanan memorandumun şahidliyi

   ABŞ-da açıqlanan    memorandumun şahidliyi
  10 İyul 2024    Oxunub:910
ABŞ-nin Milli Təhlükəsizlik Şurası 1994-cü ildə Ukraynanın, habelə Mərkəzi və Şərqi Avropanın digər ölkələrinin NATO-ya qoşulması imkanlarının dəstəklənməsinə ehtiyac olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu müddəa Ağ Evin o vaxtkı Milli Təhlükəsizlik müşaviri Entoni Leykə və onun müavininə ünvanlanmış memorandumda ehtiva olunub.

1994-cü ilin dekabrında Milli Təhlükəsizlik Şurasının üzvləri Aleksandr Verşbou və Nikolas Börns tərəfindən hazırlanmış bu sənəd (memorandum) 2006-cı ildə məxfilik statusunu itirdikdən sonra, 1985-ci ildə Corc Vaşinqton Universitetində jurnalistlər və alimlər tərəfindən təsis edilmiş ABŞ Milli Təhlükəsizlik Arxivində dərc olunub.

Sənədlərin indi işıq üzü görən yeni hissəsində isə NATO-Rusiya müansibətləri öz əksini tapıb.

“Ukraynanın, Baltikyanı ölkələrin və cənub dövlətlərinin (məsələn, Rumıniyanın) NATO-ya üzvlüyü imkanları qorunmalıdır; biz onları boz zonaya və ya Rusiyanın təsir dairəsinə çevirməməliyik. Lakin Rusiyanın həssaslığını nəzərə alaraq, hazırda NATO daxilində bu məqamı açıq və ya özəl şəkildə vurğulamamalıyıq. Yaxın və orta müddətli perspektivə nəzər salsaq, NATO ilə Rusiya arasında münasibətlərin dərinləşməsinə paralel olaraq Ukrayna üçün strategiya hazırlamalıyıq”, - memorandumda vurğulanır.

Digər bir sənəddə 1994-cü ildə ABŞ-nin o vaxtkı vitse-prezidenti Albert Qorun Rusiya prezidenti Boris Yeltsinə NATO-nun genişlənməsinin yalnız Moskva ilə məsləhətləşmələrdən sonra baş verəcəyini vəd etdiyi bildirilir. Boris Yeltsin 1994-cü ilin dekabrında ona xəstəxanada xəstəxanada baş çəkən Albert Qordan 1995-ci ildə Rusiyada parlament seçkiləri keçirilən zaman NATO-nun genişlənməyəcəyinə dair təminat istəyib. Bununla razılaşan ABŞ vitse-prezidenti hətta Rusiyanın NATO-ya üzvlüyünün konseptual olaraq istisna edilmədiyini deyib.

- Sentyabrda Klinton sizə nə dedi – son nəticədə NATO genişlənəcək, lakin proses tədricən və açıq olacaq və biz sizinlə məsləhətləşəcəyik. Proses ABŞ-Rusiya tərəfdaşlığının və sizin NATO ilə tərəfdaşlığınızın dərinləşməsinə paralel olaraq həyata keçiriləcək”, - həmin vaxt ABŞ Dövlət katibinin müavini vəzifəsini tutan Stroub Tolbott Albert Qordan sitat gətirir.

Üzərindən məxfilik qrifi götürülən başqa bir sənəddə isə Vladimir Putinin Rusiyada hakimiyyətə gəlişindən sonra, Vaşinqtonun NATO-nun genişlənməsinin Boris Yeltsinin dövründəkindən daha asan olacağını güman etdiyi vurğulanır. Buna sübut kimi, Milli Təhlükəsizlik Arxivi keçmiş Stroub Tolbottun 2000-ci ilin noyabrında Londona səfəri və tezliklə Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi təyin oluana Devid Menninqlə görüşünün hesabatını təqdim edib.

“Dövlət katibinin müavini (Stroub Tolbott) NATO-nun genişlənməsinin növbəti raundunun Putinin dövründə Yeltsin zamanında olduğundan daha asan gedə biləcəyini ehtimal etdi”, - sənəddə bildirilir.

Həmçinin, Yeltsinin NATO-ya simvolik, emosional baxışı olduğu halda, Putinin Rusiya üçün əsas təhdidlər barədə daha sərt şəkildə düşündüyü qeyd edilir. Belə təhdidlər kimi isə Çin və İslam ekstremizmi göstərilir.

Maraqlıdır ki, sənədlərdə Putinin Yeltsindən uzaqlaşdığı və buna görə də Qərbə daha ehtiyatla “bəli” dediyi də vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   NATO  





Xəbər lenti