ERİS - Yeni sistem vətəndaşların işini necə asanlaşdıracaq? - Ekspert şərhi

    ERİS    - Yeni sistem vətəndaşların işini necə asanlaşdıracaq? -    Ekspert şərhi
  09 İyul 2024    Oxunub:1728
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında Fərman imzalayıb.
Nazirlər Kabineti ERİS haqqında əsasnamənin layihəsini hazırlayıb, altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. İqtisadiyyat Nazirliyi isə altı ay müddətində ERİS-in formalaşdırılmasını həyata keçirməlidir.

Maraqlıdır, sistem nəyə xidmət edəcək? Bu, hansı sahənin elektronlaşmasıdır? Belə bir sistemin yaradılmasının hansı faydaları var?

Suallarımıza Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov aydınlıq gətirib.

İKT üzrə ekspert bildirib ki, Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) həm istehlakçıların, həm də biznes subyektlərinin hüquqlarını qorumaq və rəqabəti tənzimləmək baxımından faydalı platforma olacaq. Onun sözlərinə görə, ERİS həm də inteqrasiya edilmiş resurs kimi nəzərdə tutur.

"Bu sistemin yaradılmasından sonra istehlakçı şikayətini elektron kargüzarlıq vasitəsi ilə aidiyyəti qurumlara yönləndirə biləcək və eyni qaydada cavablar alacaq. Eyni zamanda cavablar sorğu sistemində arxivləşdiriləcək.

Və yaxud da əlavə məlumatlar lazım olduqda aidiyyəti qurumlardan avtomatik olaraq inteqrasiya olunacaq".

E. Abbasov qeyd edib ki, burada tək vətəndaşların deyil, həmçinin biznes qurumlarının da maraqları nəzərə alınacaq.

"Məsələn, biznes subyektinin hər hansısa müraciəti olarsa və ya ondan sənəd istənilərsə, lazımi sənədləri artıq elektron formada təqdim edəcəklər. Bu o deməkdir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti biznes qurumundan vergi ilə bağlı və ya əmlak arayışı ilə bağlı məlumatlar istəsə, onlar artıq inteqrasiya olunmuş sistemdə öz əksini tapacaq. Bununla da biznes şirkətləri arasında rəqabət mühiti daha yuxarı olacaq. Lazimi statistikalar, hesabatlılıqlar da bu sistemdə formalaşacaq".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti