Paşinyan: “Ermənistana yeni Konstitusiya lazımdır”

   Paşinyan: “Ermənistana    yeni Konstitusiya    lazımdır”
  05 İyul 2024    Oxunub:971
Ermənistannın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyasının qəbul olunması zərurətini növbəti dəfə gündəmə gətirib.
AzVision.az xəbər verir ki, Konstitusiya günü münsasibəti ilə xalqa müraciətində Ermənistanın baş naziri Konstitusiyanın ölkədə həyat qaydaları, hüquq və vəzifələr haqqında vətəndaşların kollektiv müqaviləsi olduğunu vurğulayaraq, yeni əsas qanunun qəbul edilməsinə ehtiyac yarandığını bildirib.

“Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum hallara görə, bu gün Ermənistan vətəndaşları indiki Konstitusiyada onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar. Onlar buna hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - Nikol Paşinyan deyib.

Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarla yox, həm də onun necə qəbul edilməsindədir. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü sayacağı, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni Konstitusiya lazımdır.

- Bizə xalqla - onun yaradıcısı ilə üzvi şəkildə bağlı olacaq yeni Konstitusiya lazımdır. Ancaq yeni Konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Buna baxmayaraq, ölkədə institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır”, - Ermənistanın baş naziri vurğulayıb.

Paşinyan ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində azadlığı, firavanlığı, xoşbəxtliyi və təhlükəsizliyi təmin etmək üçün dövlət yaratmış “real Ermənistan” xalqının maraqlarına diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, mövcud reallıqlar Ermnənistanın yeni Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarının yer almaması zərurətini diqtə edir. Hazırkı Konstitusiyada məhz ərazi iddialarının ehtiva olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına əsas maneə rolunu oynayır ki, rəsmi Bakı da bunu dəfələrlə İrəvanın və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu baxımdan, Ermənistanın digər dövlətlərə qarşı ərazi iddialarından xali olan yeni Konstitusiyasının qəbul edilməsi günün erməni xalqı qarşısında qoyduğu ən aktual tələbdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti