Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş - Fotolar
Müzakirələr zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin fəaliyyətindən, formalaşmış səmərəli əməkdaşlıq, birgə layihələrin icrasından məmnunluq ifadə edilib, hazırda da müştərək layihələr üzərində işlərin uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasının həyata keçirilməsi, mədəni irsin qorunması sahəsində işlər görülməsi ikitərəfli münasibətlərin dərinləşməsinə töhfədir. Paskal Yakabone görülən bütün işlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Dini etiqad və vicdan azadlığının tam təmin olunduğu, çoxlu sayda dini icmanın fəaliyyət göstərdiyi, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şəraitin təmin edildiyi Azərbaycanda digər dini icmalara olduğu kimi, katolik icmaya da göstərilən diqqət, ölkəmizdə kilsə və məbədlərin, o cümlədən katolik kilsələrin bərpası istiqamətində görülən işlər yüksək dəyərləndirilib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun gələcəkdə də Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb. Görüşdə tarixi və mədəni əhəmiyyət daşıyan abidələrin bərpası istiqamətində təcrübə mübadiləsinin əhəmiyyətinə də nəzər salınıb.
Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone hər 25 ildən bir Müqəddəs Taxt-Tacda keçirilən və növbəti mərasimin 2025-ci ilə təsadüf etdiyi Müqəddəs Yubiley İli ilə bağlı tədbirə Heydər Əliyev Fondunun da dəvətli olduğunu diqqətə çatdırıb.
AzVision.az
Teqlər: