Le Pen Makronu inzibati çevrilişə hazırlıqda ittiham edib

   Le Pen Makronu    inzibati çevrilişə hazırlıqda    ittiham edib
  02 İyul 2024    Oxunub:892
Fransa prezidenti Emmanuel Makron müxalifətin təmsilçisi olan gələcək baş nazirin ölkəni idarə etməsini imkan verməmək üçün son məqamda dəyişikliklər aparmaqla hökumət strukturlarında “inzibati çevriliş” hazırlayır.
AzVision.az xəbər verir ki, sağçı “Milli Birlik” partiyasının Fransa parlamentindəki fraksiyasının lideri Marin Le Pen “France Inter” radiosunun efirində Makronun ünvanına belə ittiham səsləndirib.

“Oxuyanda ki, prezident seçkilərin ikinci turuna dörd gün qalmış milli polisə yeni rəis etməyə hazırlaşır, baxmayaraq ki, o, Olimpiya Oyunlarının sonuna qədər qalmalı idi, habelə Jordan Bardellanın ölkəni istədiyi kimi idarə etməsini əngəlləmək üçün Milli Jandarmeriya İdarəsinə direktor, onlarla prefekt və bir çox insanı təyin edir, mən bunun bir inzibati çevriliş forması olduğuna inanıram”, - Marin Le Pen deyib.

Siyasətçi xanım bu cür məlumatların sadəcə şayiələr olduğuna ümid etdiyini bildirsə də, hələ seçkilərin birinci turundan əvvəl, Nazirlər Şurasının adi iclaslarındakından daha çox təyinatın həyata keçirildiyini diqqətə çatdırıb.

- Əgər siz parlamenti buraxmaqla yanaşı bunun sizin opponentlərinizi hakimiyyətə gətirməməli olduğunu deyirsinizsə, o zaman parlamenti buraxmağa ümumiyyətlə ehtiyac yoxdur”, - müxalifətçi fraksiyanın lideri vurğulayıb.

Daha əvvəl “Le Journal du Dimanche” qəzeti “Milli Birlik” sağçı müxalifət partiyasının lideri Jordan Bardellanın baş nazir postuna gələcəyi halda onun təsirini məhdudlaşdırmaq üçün Makronun növbədənkənar parlament seçkiləri ərəfəsində hökumət strukturlarında əsaslı dəyişikliklər etdiyini yazıb.

Nəşrin iddiasına görə, Makron paytaxtın İl-de-Frans bölgəsinin jandarm korpusunun hazırkı komandiri, general Ksavye Düsei Milli Jandarm baş idarəsinin, Daxili İşlər nazirinin kabinetinin rəhbəri Aleksandr Burjeri isə Milli Polis Baş idarəsinin rəisi təyin etmək variantını nəzərdən keçirir.

- İyunun 30-da keçirilmiş seçkilərin birinci turunun nəticələrindən asılı olaraq, dövlət başçısı bəzi məmurları öz müşavirləri çevrəsindəki şəxslərlə əvəz edərək, prefektlər korpusunda (departament administrasiyalarının rəhbərləri) kadr dəyişikliyinə də müraciət edə bilər”, - qəzet bildirib.

İki gün əvvəl Fransada keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı “Milli Birlik” Partiyası və müttəfiq qüvvələr 33,15% səslə birinci yeri tutub. Solçu “Yeni Xalq Cəbhəsi” alyansı 27,99% səslə ikinci yerə çıxıb. Fransanın Daxili İşlər nazirliyinin açıqladığı yekun məlumatlara görə, Makronun başçılıq etdiyi “Respublika naminə birlikdə” prezident koalisiyası cəmi 20,04% səs toplaya bilib.

Xatırladaq ki, iyunun 9-da Avropa Parlamentinə seçkilərdə tərəfdarlarının ağır məğlubiyyətindən sonra Emmanuel Makron Fransa parlamentinin aşağı palatasının - Milli Assambleyanın buraxılması və növbədənlkənar seçkilərin keçirilməsi barədə qərar qəbul etdi. Sonuncu dəfə parlamentin aşağı palatası prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   çevriliş  





Xəbər lenti