Nazir diplomatik fəaliyyəti başa çatan səfirlə görüşdü

Nazir diplomatik fəaliyyəti başa çatan səfirlə görüşdü
  02 İyul 2024    Oxunub:782
Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Pakistana son rəsmi səfərdən irəli gələn məsələlər və gələcək planlar müzakirə olunub.

Ölkəmizdə diplomatik fəaliyyəti zamanı Azərbaycan-Pakistan münasibətlərinin inkişafı istiqamətində göstərdiyi hərtərəfli səylər və peşəkarlığa görə səfir Bilal Hayeyə təşəkkür edilib, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulanıb.

C.Bayramov səfirin Azərbaycanda diplomatik fəaliyyətinə başladığı dövrün keçmiş münaqişə və Ermənistanın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinə təsadüf etdiyini qeyd edərək, Pakistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı mənəvi və siyasi dəstəyə görə təşəkkür edib.

Cari ildə Pakistana edilmiş rəsmi səfər çərçivəsində keçirilmiş görüşlərin, habelə strateji tərəfdaşlıq münasibətlərimiz ətrafında aparılan geniş fikir mübadilələrinin məmnunluq doğurduğu, əməkdaşlığımızın inkişafı üçün mövcud perspektivlərdən istifadənin zəruriliyi qeyd edilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə təbriklər diqqətə çatdırılıb.

Səfir Bilal Haye ölkəmiz üçün olduqca taleyüklü bir dövrdə Pakistanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərməsindən qürur duyduğunu, bundan sonra da iki ölkə arasında münasibətlərin daha da inkişafına ümidvar olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az


Teqlər:





Xəbər lenti