Vilayət Eyvazov təntənəli mərasimdə - Video

 Vilayət Eyvazov təntənəli mərasimdə -  Video
  02 İyul 2024    Oxunub:1361
Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümüdür.
AzVision.az xəbər verir ki, bu münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.

Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında nazir general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.



Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub. Sonra peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 106 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsində sahəsində görülən mühüm işlərdən danışıb.

Daxili işlər orqanlarının fəaliyyətində yeni bir mərhələ təşkil edən son 21 ilin inkişaf və təkmilləşmə baxımından xüsusilə əhəmiyyətli bir dövr olduğuna diqqət çəkən nazir Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar çərçivəsində, həmçinin xüsusi diqqət və qayğısı sayəsində – Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, zamanın çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb.



Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini qeyd edib.

Nazir xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini, cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğunu şəxsi heyətə çatdırıb.

Qeyd olunub ki, 2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.

Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunan nazir, həmçinin cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini də vurğulayıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını deyən V.Eyvazov işğaldan azad edilmiş ərazilərdə “Böyük qayıdış”ın gerçəkləşməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığını, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyini bildirib.

Nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinə təşəkkürünü bildirib.

Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edən V.Eyvazov məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.

General-polkovnik Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.

Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.



AzVision.az


Teqlər:





Xəbər lenti