ISW: “Putinin “qələbə nəzəriyyəsi” məhv edilməlidir”

   ISW: “Putinin    “qələbə nəzəriyyəsi”    məhv edilməlidir”
  01 İyul 2024    Oxunub:685
Qərb Rusiya prezidenti Vladimir Putinin “qələbə nəzəriyyəsi”ni sarsıtmaq, müharibənin daha da uzanmasının qarşısını almaq və əks-hücum əməliyyatları keçirmək üçün Ukraynaya lazım olan dəstəyi verməyə tələsməlidir.
AzVision.az xəbər verir ki, Amerikanın Müharibənin Öyrənilməsi institutunun analitikləri Vladimir Putinin Rusiyanın Ukraynada qeyri-müəyyən müddətə sürünən irəliləyişə nail ola biləcək “qələbə nəzəriyyəsi”nin onu müharibəni uzatmağa sövq edəcəyini düşünürlər.

“Putin və Rusiyanın hərbi komandanlığı, ehtimal ki, sürünən hücum əməliyyatlarını Ukraynada böyük hücum əməliyyatlarından daha etibarlı yanaşma kimi qiymətləndirirlər. Görünür, onlar ayrı-ayrı hərbi əməliyyatlar üçün Rusiya qüvvələrinin gələcək aylar və bəlkə də illər ərzində mühüm məqsədlər güdməli ola biləcəyi reallığını qəbul edirlər”, - institutun hesabatında bildirilir.

Qurumun ekspertlərinin fikrincə, uzun sürən müharibə Putinin hesablamalarına kömək edir və o, çox güman ki, Rusiyanın istədiyi ərazini əlində saxlaya biləcəyinə inanır. Çünki müharibə nə qədər uzun sürərsə, rus qoşunlarının onun bəyan etdiyi ərazi iddialarını reallaşdıra biləcəyi ehtimalı bir o qədər artır.

Bu baxımdan, Putin Ukrayna qüvvələrinin nə onun irəliləyişini dayandıra, nə də əhəmiyyətli əks-hücumlar həyata keçirə bilməyəcəyini anlasa, uzun müddətli müharibə onu açıq şəkildə yeni ərazi iddiaları irəli sürməyə sövq edə bilər. Putin yəqin ki, Ukraynada ləng irəliləyişin Qərbi Rusiya üzərində hərbi qələbənin qeyri-mümkün olduğuna inandıracağına və Kiyevin tam məğlubiyyətindənsə müəyyən ərazilərin itirilməsinə üstünlük verəcəyinə ümidlidir.

İndiki şəraitdə isə Putin yalnız Kiyevin tam təslim olmasını istəyir. Amerikalı ekspertlərin fikrincə, Rusiya prezidenti istənilən danışıqlar nəticəsində əldə olunan atəşkəsə Moskvaya gələcəkdə hücum əməliyyatlarını bərpa etməyə hazırlaşmağa imkan verən fürsət kimi baxacaq. Belə ki, Krımın ilhaqından sonra Minsk razılaşmaları ilə artıq reallaşmış presedentə əlavə olaraq, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması üçün daha bir nümunə yaradacaq atəşkəs danışıqları, sonradan Ukrayna dövlətçiliyinin tamamilə məhv edilməsinə nail olmaq üçün Rusiyanın mövqeyini gücləndirəcək.

- Belə atəşkəs Rusiyaya öz qüvvələrini yenidən qurmaq və genişləndirmək, müdafiə sənayesi bazasını gələcək təcavüz üçün daha da səfərbər etmək üçün möhlət verəcək. Putin ümid edir ki, Qərbin Kiyevi dəstəkləməsinə baxmayaraq Rusiya öz məqsədlərinə nail ola biləcək. Buna görə də Kremlin hesablamalarını pozmaq üçün Qərbin köməyi həlledici əhəmiyyət kəsb edir”, - institutun hesabatında vurğulanır.

ISW-nin ekspertləri Rusiya üçün növbəti əhəmiyyətli məğlubiyyətlər olmadan Ukraynanın məhv edilməsi ehtimalı ilə bağlı Putinin öz qiymətləndirməsini dəyişəcəyinə inanmırlar. Bu prizmadan çıxış edən amerikalı analitiklər Qərb tərəfindən Ukrayna qüvvələrini lazımi miqyasda və vaxt çərçivəsində müntəzəm şəkildə zəruri olan texnika və silahlarla təminatını vacib sayırlar. Bu baxımdan, Kiyevin mühüm əraziləri azad etmək üçün əməliyyatlar keçirməsi, vaxtdan və xərclərdən asılı olmayaraq, Putinin Ukrayna dövlətçiliyini məhv etmək istəyini zəiflətmək üçün yeganə ağlabatan yol sayılır.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Putin   Ukrayna  





Xəbər lenti