Azərbaycanın "yaşıl tərəqqi"si: İqtisadiyyat, sosial rifah, ətraf mühit üçün yeni imkanlar açılır

      Azərbaycanın "yaşıl tərəqqi"si:    İqtisadiyyat, sosial rifah, ətraf mühit üçün yeni imkanlar açılır
  28 İyun 2024    Oxunub:1600
Regionun enerji xəritəsində strateji əhəmiyyətli oyunçu olan Azərbaycan davamlı inkişaf və ekoloji məsuliyyət istiqamətində mühüm addımlar atır. 2020-ci ildə əzəli və tarixi ərazilərimizin, o cümlədən yaşıl enerjinin inkişafı üçün yüksək potensiala malik böyük bir regionun işğaldan azad edilməsi bu strateji əhəmiyyətli sahədə ən yaxşı qlobal təcrübədən istifadə etmək üçün unikal imkanlar yaratdı.
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerjiyə keçid Azərbaycanın müasir və ekoloji cəhətdən davamlı texnologiyalara olan istəyini əks etdirən inkişaf yolunda mühüm addımdır. Bu yanaşma ölkəyə nəinki enerji təhlükəsizliyini yaxşılaşdırmağa, həm də ətraf mühitə mənfi təsirini azaltmağa imkan verir.

4 ilə yaxındır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yaşıl enerjiyə keçid tədbirləri ölkənin enerji təhlükəsizliyini yaxşılaşdırmaqla yanaşı, atmosferə istixana qazları və digər zərərli maddələrin emissiyasını azaltmağa kömək edir. Günəş və külək enerjisi, eləcə də hidroenergetika və geotermal mənbələr kimi qabaqcıl texnologiyalardan istifadə kömür, neft kimi ənənəvi enerji mənbələrindən asılılığı azaldır və iqtisadiyyatı ekoloji davamlılığı təşviq edən təmiz mənbələrə doğru daşıyır.

Dünya təcrübəsi və tətbiq olunan yeniliklər

Yaşıl enerji sahəsində ən yaxşı qlobal təcrübələrin tətbiqi günəş və külək, geotermal və hidroenergetika, enerji səmərəliliyi həlləri və şəbəkə innovasiyaları kimi ən son texnologiyalardan istifadə etmək deməkdir. Bu texnologiyalar neft və qaz kimi ənənəvi enerji mənbələrindən asılılığı azaltmağa kömək edir və davamlı iqtisadi inkişafa töhfə verir.

Qarabağda istehsal olunan yaşıl enerji Avropaya ixrac olunacaq
Yaşıl enerji sahəsində qabaqcıl texnologiyaların tətbiqi təkcə texniki aspektlərlə məhdudlaşmır. Bura həm də Azərbaycan kontekstində uyğunlaşdırıla və həyata keçirilə bilən idarəetmə, tənzimləmə və investisiya strategiyası təcrübəsi daxildir. Belə layihələrin uğurla həyata keçirilməsində Almaniya, Danimarka, Hollandiya və digər qabaqcıl dövlətlərlə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi əsas rol oynayıb.

İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə, Azərbaycanda yaşıl enerjinin tətbiqi üzrə qabaqcıl dünya təcrübəsindən istifadə ölkənin müasirləşməsinə töhfə verməklə yanaşı, onun ekoloji dayanıqlıq və innovativ inkişaf sahəsində aparıcı beynəlxalq standartlara nail olmaq istəyini təsdiqləyir.

Yeri gəlmişkən, ötən il Prezident İlham Əliyevin açılış mərasimində iştirak etdiyi Qaradağ Günəş Elektrik Stansiyasının ərsəyə gəlməsi Azərbaycanın bu sahəyə təkcə işğaldan azad olunmuş ərazilərdə deyil ölkənin hər yerində xüsusi önəm verəcəyini bir daha göstərmiş oldu. Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan bu müəssisə 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Qaradağ Günəş Elektrik Stansiyası, həmçinin xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Hər il 500 milyon kilovat/saat elektrik enerjisi istehsal edilməsi planlaşdırılan stansiya ümumilikdə 110 milyon kubmetr həcmində təbii qaza qənaət etməyə imkan yaradacaq. Bununla yanaşı, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Həmçinin stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya da tikilib.

Maraq üçün qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu günədək ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 250-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 1 000 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2 500-ə yaxın LED lampalarla təchiz olunub və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, habelə “ağıllı dayanacaq”lar, elektrik doldurma məntəqələri quraşdırılıb.

İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-adək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Eyni zamanda yerli su ehtiyatlarımızın 25 %-ə qədərinin Qarabağ ərazisində formalaşdığını nəzərə alaraq qeyd edə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər geniş hidroenerji potensialı da mövcuddur. Bölgənin enerji təminatının daha da səmərəli təşkili məqsədilə bu ərazilərdə yeni su elektrik stansiyalarının qurulması üçün araşdırmalar aparılır.

Enerji nəhəngləri Azərbaycanın “yaşıl layihələr”ində

Sənaye miqyaslı layihələrə gəldikdə isə Azərbaycan burada da öz sözünü deyir. İşğaldan azad edilmiş ərazilərdə BP şirkəti ilə imzalanmış İcra Müqaviləsinə əsasən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə “Şəfəq” GES layihəsinin tikintisi üzrə işlər davam etdirilir. Həmçinin, “China Gezhouba Group Overseas Investment” və “Nobel Energy” şirkətləri ilə imzalanmış müqavilələr də işğaldan azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Hazırda “yaşıl enerji zonası”nın yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi “yaşıl” texnologiyaların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, 2 il öncə Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Sözügedən tədbirlər planına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl" texnologiyaların və enerji səmərəliliyin tətbiqi ilə yanaşı bir çox ümumi enerji infrastrukturuna və sahənin inkişafına müsbət təsir edəcək digər tədbirlər də nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən enerji layihələri region üçün iqtisadi artımın mühərrikinə çevrilə bilər. Yaşıl texnologiyalara investisiyaların cəlb edilməsi yeni iş yerləri yaradır və yerlərdə iqtisadiyyatın inkişafına təkan verir. İnfrastrukturun təkmilləşdirilməsi və təmiz enerjiyə çıxışın təmin edilməsi yerli sakinlərin həyat keyfiyyətini yaxşılaşdıracaq və bu həm də onların sosial inteqrasiyasını gücləndirir.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji yolu”nu seçməklə iqlim siyasəti və davamlı inkişaf sahəsində beynəlxalq standartlara riayət etmək istəyini təsdiqləmiş oldu. Bu yanaşma ətraf mühitin mühafizəsi üzrə qlobal təşəbbüslərin məsul iştirakçısı kimi ölkənin imicini gücləndirməyə kömək edir.

Əslində Azərbaycan bu istiqamətdə ola təşəbbüslərdə nəinki məsul iştirakçı, mühüm tədbirlərin etibar olunduğu enerji oyunçusuna da çevrilib. Hələ ötən ilin dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 29-cu sessiyasının– COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul edilmişdi. Qərar COP28-in 150-dən çox dövlət və hökumət başçılarının iştirakı ilə Dubayda reallaşan plenar iclasında qəbul olunub. Qeyd edək ki, bu, təsadüfi olmayıb. Çünki indiyədək COP-un konfransları qazıntı yanacağı ixracatçıları olan, lakin “yaşıl enerji”yə də fəal şəkildə sərmayə qoyan ölkələrdə keçirilib. Azərbaycanın da fəaliyyəti bu baxımdan yüksək dəyərləndirilib. Başqa sözlə, dünya ölkələrinin СОР29-un Bakıda reallaşdırılacağı barədə yekdil qərarı respublikamızın iqlim dəyişikliklərinin qarşısının alınması sahəsində həyata keçirdiyi layihələrə verilən yüksək qiymətlə bağlı olub.

Beləliklə, COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. Qeyd edək ki, Azərbaycan regionda “yaşıl enerji”nin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır.

Nəticə:
Azərbaycan 2030-cu ilədək enerji balansında bərpa olunan enerjinin payını 30 %-ə yüksəltməyi hədəfləyir. Bu, ölkədə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Bir sözlə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerjiyə keçid təkcə karbohidrogen ehtiyatlarından asılılığın azaldılması istiqamətində strateji addım deyil, həm də ekoloji və iqtisadi inkişafda qabaqcıl qlobal təcrübələrin tətbiqi üçün bir fürsətdir. Bu proses təkcə milli təhlükəsizliyi gücləndirmir, həm də ictimai rifah və ətraf mühitin keyfiyyətinə töhfə verir.
“Bu məqalə Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə
təqdim olunur”


Tural Tağıyev


AzVision.az



Teqlər:   Yaşıl-Enerji   Qarabağ   Azərbaycan   İqtisadiyyat  





Xəbər lenti